“Eurovision-2013” mahnı müsabiqəsinin ilk biletləri noyabrın 28-dən etibarən satışda olacaqdır.
Müsabiqə üçün adi biletlərlə yanaşı, pərəstişkarların bilet kvotası da müəyyən edilmişdir. Biletlər 2 məşq, 2 yarımfinal, 1 final, o cümlədən 3 canlı şou olmaqla, ümumilikdə, 9 şou üçün təklif ediləcəkdir.
Ən ucuz biletin qiyməti 10 avro olacaqdır. Ümumiyyətlə, biletlərin qiymətləri 10-216 avro arasında dəyişəcəkdir.
Fanklubların üzvləri biletləri mahnı yarışmasının keçiriləcəyi İsveçin Malmö şəhərindəki arenanın rəqs zalında onlar üçün ayrılmış məkandan ala biləcəklər. Fanatlar üzvləri üçün nəzərdə tutulmuş biletlər bu il noyabrın 26-dan dekabrın 3-dək satışda olacaqdır. Bundan sonra, biletlər ümumi satışa çıxarılacaqdır. Fanatlar hər məşqə və canlı şoulara 6 biletdən ibarət paket əldə edə bilərlər.
“Eurovision-2013” mahnı müsabiqəsi gələn il mayın 14, 16 və 18-də İsveçin Malmö şəhərində keçiriləcəkdir.
azertag.com