Medianews.az
“1500 manat sosial yardım” fırıldağı –
127 baxış

“1500 manat sosial yardım” fırıldağı – Tələyə düşməmək üçün nələri bilmək lazımdır?

Bir müddətdir "mygov" platforması adından saxta elanlar yayılır və bu elanlar vətəndaşları "1500 manat sosial yardım" kimi yalan vədlərlə aldatmağa çalışır.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov məsələ ilə bağlı Medianews.az-a bildirib ki, texniki cəhətdən proses rəsmi dövlət portalının görünüşünü (dizaynını) təkrarlayan saxta veb-səhifələr vasitəsilə həyata keçirilir: “Dələduzların əsas məqsədi fərdi məlumatları, xüsusən də bank kartı rekvizitlərini və giriş şifrələrini ələ keçirməkdir. Heç kim unutmamalıdır ki, rəsmi dövlət xidmətləri heç vaxt sosial şəbəkə elanları vasitəsilə kart məlumatlarını və ya təsdiq kodlarını tələb etmir”.

E.Abbasov bildirib ki, vətəndaşlar bu cür kibertəhlükələrdən qorunmaq üçün daxil olduqları saytın ünvan panelinə diqqət yetirməlidirlər: “Rəsmi ünvan yalnız my.gov.az olmalıdır. Şübhəli keçidlərə daxil olmaq və orada hər hansı anket doldurmaq vətəndaşın rəqəmsal təhlükəsizliyini birbaşa riskə atır. Əgər belə bir halla qarşılaşsanız, dərhal həmin səhifəni tərk etməli və yalnız rəsmi kanallardan gələn məlumatlara etibar etməlisiniz”.

Ekspertin sözlərinə görə, bu cür hallarla bağlı xüsusilə texnologiyadan az istifadə edən yaşlı insanları məlumatlandırmaq kollektiv təhlükəsizliyimiz üçün çox vacibdir.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun