İsveçdə yaşayan yazıçı-jurnalist Vahid Qazinin “Çöl Qala” adlı povestinin təqdimatı keçirilib. Təqdimat İçərişəhərdə “Elman dayının dükanı” kimi tanınan kitab mağazasının önündə keçirilib. May ayının 7 -də baş tutan kitabın təqdimatını V.Qazinin dostları keçirib.
Medianews.az xəbər verir ki, bu barədə Vahid Qazi öz facebook səhifəsində məlumat verib.
“Bir gün qoca vikinq Qrimr dostları ilə yeyib-içəndə bir nəfər belə sadiq dostu olmadığından gileylənir. Dostları etiraz edirlər. Biri deyir: “Yadına sal! Sən sürgündə olanda birinci sənə yardım əlini mən uzatmadımmı?” O biri deyir: “Düşmənlər evinə od vurub yandıranda təzə ev tikməyə sənə kömək eləmədimmi?” Üçüncü deyir: “Döyüşdə səni düşmən zərbəsindən kim xilas elədi? Mən!” Qrimr onlara belə cavab verir: “Sizin mənim üçün nələr etdiklərinizi yaxşı xatırlayıram və sizi sevirəm, siz mənim başıbəlalı, bədbəxt günlərimin dostlarısınız, buna görə hamınıza minnətdaram. Amma nə gizlədim, xoşbəxt günlərimdə dostum olmayıb. Mənsə nadir hallarda xoşbəxt olmuşam. Bir dəfə ov vaxtı kralı xilas elədim. O, hamının yanında məni qucaqlayıb özünün ən yaxın dostu adlandırdı. Hamı mənə xoş sözlər deyirdi, yalnız dostlarım susurdu. Mənim daha bir xoşbəxt günüm, başçılıq elədiyim dəstənin danimarkalılar üzərində qələbə çaldığı gün idi. Məni xalqın xilaskarı hesab edirdilər, lakin burda da dostlarımın ürəyi susurdu. Neçə belə misal çəkərəm. Onu dəqiq bilirəm ki, xoşbəxtlikdə dost olmur…”
Bu sözlər bu gün təqdimatı keçirilən “Çöl Qala” povestindəndi. Özüm olmayacam. Təqdimatı dostlar keçirir. Vikinq Qrimrdən fərqli olaraq, mənim dostlarım dar günümün də, şad günümün də dostlarıdılar. Dostlar sağ olun!
Qeyd edək ki, Bakı Kitab Klubunun nəşr etdiyi kitabın redaktorları Hikmət Sabiroğlu və İmran Bədirxanlıdır. Kitabın arxa səhifəsində filosof Ağalar Məmmədovun, yazıçı Mehriban Vəzirin, ədəbi tənqidçilər İradə Musayeva və Tehran Əlişanoğlunun əsər və müəllif haqda rəyləri verilib.