Medianews.az
Zori Balayanın kəfəni
57 baxış

Zori Balayanın kəfəni

“Zori Balayan öldü” – bu cümlə bizdəki gənc nəslə, yaxud, dəbdə olan terminologiya ilə yazsaq, “zet” və “alfa” nəsillərinə heç nə demir. Ancaq Balayan uzun illərin qan davasını 1980-90-cı illərdə körükləyənlərin başında gəlirdi. Qısa ifadə eləsəm (gənclər üçün), Balayanın fikri-zikri bu idi ki, biz azərbaycanlılar Qafqaza dünən, hətta bəlkə bu gün səhər xoruzların üçüncü banından sonra gəlmişik, buraların əsl yiyəsi ermənilərdir və türklərin hamısını qırmaq lazımdır.

Onun axmaq, faşist ideologiyalı “əsərlərinin” adını çəkməyə heç lüzum görmürəm və necə deyərlər, “bu temanın başını” Eldar Baxışın hələ dava təzə qızışan vaxtlar yazdığı, o çağlar dillər əzbəri olmuş şeirindən bir beytlə bağlayıram:

“O nədir yazmısan Zori Balayan,

“Bala” da bizimdi, “zor” da bizimdi.

Ölmək istəyirsən gəl Qarabağa,

Kəfən də bizimdir, gor da bizimdir”.

Ancaq deyəsən bu dünyada ədalət varmış və Balayan Qarabağın axırıncı ermənidən də təmizlənməsini görəcək qədər uzun yaşadı – öləndə 91 yaşı varmış. Bir neçə belə erməni var ki, qisas hissindən uzaq olsam da, həmişə onların bəzi şeylərə canlı şahid olmasını arzulamışam. Biri də, məsələn, Şuşanı işğal edən komandir Arkadi Ter-Tadevosyan idi. O da Balayan qədər olmasa da 82 il yaşadı, 2021-ci ildə öldü və Şuşanın Azərbaycana qaytarıldığını ömrünün sonunda görmüş oldu.

Əlbəttə, bütün bu qanlı münaqişəni körükləyənlərin başında əslində Rusiya imperiyasının durduğuna əminəm. Ermənilər də bizim kimi qurbanlar idilər. Cəfər Cabbarlının “1905-ci ildə” dramında yazılan məsələdir: “Atan kazaklardır”. Kazakların simasında Rusiya Qafqazdan çəkilib getsin, burda hər şey yaxşı olacaq.

Deyəsən hazırda Paşinyanın başçılığı altında Ermənistan cəmiyyəti bunu başa düşüb. Gecdirmi? Yox. Ziyanın harasından qayıtsan xeyirdir.

Paşinyanın Moskvada son görüşləri bu mənada maraqlı mənzərə yaratmışdı. Putin yenə Qarabağ mövzusunu qabardırdı, Ermənistanın rəhbəri isə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edirdi. Necə deyərlər, it əl çəkib, motal əl çəkmir. Məncə, ölkəmizdəki bəzi “Rusiya aşiqləri” belə məqamlara diqqət eləsələr yaxşı olar, çünki məhz orda xoruzun quyruğu açıq görünür. Hər dəfə məhz Rusiya söhbəti hərlədib-fırladıb Qarabağın üzərinə qaytarmağa cəhd edir. Bir az da yanıqlı-yanıqlı. Əllərindən bu cür münaqişə ocağı, “barlı-bərəkətli” qan çanağının çıxmasına heyfsilənirlər.

Yazını da elə Eldar bəyin yuxarıda bəhs etdiyim şeirindən misralarla bitirək, məncə orada bu işlərin gələcəyi yaxşı proqnoz edilib:

“Dünya nə haydadı, sən nə haydasan,

A köhnə palazı sırıyan oğlan.

İrəvan dilində xoruzlanırsan,

Moskva dilində zarıyan oğlan.

Havayı axıtma göz yaşlarını,

Yaş görən adamlar yaşı tanıyır.

Moskva min ilin Moskvasıdır,

Səni də, məni də yaxşı tanıyır”.

 Zamin HACI

Bizə qoşulun