Yaponiyada alimlər pişiklərin ömrünü iki dəfə uzada biləcək yeni preparat üzərində işlərini yekunlaşdırmaq üzrədirlər.
Medianews.az xəbər verir ki, Tokio Universitetinin immunoloqu Toru Miyazaki tərəfindən hazırlanmış preparat xroniki böyrək xəstəliklərinə qarşı yönəlib. Bildirilir ki, 10 yaşdan yuxarı pişiklərin demək olar ki, yarısı bu xəstəlikdən əziyyət çəkir və əsas ölüm səbəblərindən biri məhz böyrək çatışmazlığı hesab olunur.
Məlumata görə, pişiklərin qanında böyrəklərin təmizlənməsinə cavabdeh olan AIM adlı zülal doğuşdan düzgün fəaliyyət göstərmir. Nəticədə orqanizmdə, xüsusilə də böyrəklərdə toksinlər toplanır və bu da zamanla orqanların sıradan çıxmasına səbəb olur.
Yeni preparat aktivləşdirilmiş AIM zülalı əsasında hazırlanıb və daxili orqanlarda yığılan toksinlərin təmizlənməsi prosesini işə salır.
Layihə üçün Yaponiyada pişik sahibləri qısa müddətdə 300 milyon yendən çox vəsait toplayıblar. Sınaqlar zamanı preparatın hətta ağır vəziyyətdə olan və ömrünə bir neçə həftə qaldığı deyilən pişiklərdə belə müsbət nəticə verdiyi bildirilib.
Hazırda klinik sınaqların son mərhələsi davam edir. Preparatın kommersiya istifadəsinə 2027-ci ilin əvvəlində başlanacağı açıqlanıb. Yaponiyada preparatın baha olmayacağı və dünyanın müxtəlif ölkələrində satışa çıxarılacağı qeyd olunur.//Musavat.com