Mərkəzləşdirilmiş imtahanlarda tələb olunan nəticəni əldə edə bilməyən şəxslərə bir sıra ölkələrdə yalnız attestat əsasında ali təhsil almaq imkanı təklif olunur. Bu hallar sonradan kvalifikasiyaların tanınması zamanı ciddi çətinliklər yaradır.
Milli.Az xəbər verir ki, bunu Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya, Türkiyə və Gürcüstan kimi yaxın coğrafiyada yerləşən ölkələrdə tələbə cəlbi məqsədilə attestatla qəbul vədləri geniş yayılıb.
Tural Əhmədov qeyd edib ki, Azərbaycan qanunvericiliyində attestat əsasında ali təhsil almaqla bağlı hər hansı hüquqi mexanizm mövcud deyil.
O əlavə edib ki, xaricdə əldə olunan kvalifikasiyaların tanınması üçün əsas şərtlərdən biri həmin ali təhsil müəssisəsinin yerləşdiyi ölkədə institusional akkreditasiyadan keçməsidir. Bu tələbə cavab verməyən hallarda tanınma mümkün olmur.
Həmçinin vurğulayıb ki, yalnız attestatla qəbul olunan şəxslərin kvalifikasiyalarının tanınması zamanı ciddi uyğunsuzluqlar üzə çıxır:
"Bəzi hallarda tanınma prosesinin son mərhələsində müraciət edən şəxslərin öz ixtisaslarının adını belə bilmədikləri məlum olur".