Medianews.az
Vaşinqton “Monro doktrinası”ndan çıxış edir -
401 baxış

Vaşinqton “Monro doktrinası”ndan çıxış edir - Politoloq

“Vaşinqtonun Venesuellada həyata keçirdiyi hərbi əməliyyat ABŞ-ın çoxqütblü dünya ilə barışmadığını göstərir”. Politoloq Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, Vaşinqton “Monro doktrinası”ndan (ABŞ Prezidenti Ceyms Monronun 1823-cü ildə qəbul etdiyi doktrinaya görə, Şimali və Cənubi Amerika ABŞ-ın həyati maraqları çəvçivəsinə aid edilmiş və Avropa ölkələri bu qitələrin işlərinə qarışmamalıydı) çıxış edərək Venesuellanı ram etməyə qərar verib:

“Vaşinqton eyni prinsiplə 1973-cü ildə Çilidə yerli hərbçilərin əli ilə solçu Prezident Salvador Alyendeni devirmişdi. Salvador Alyende kimi Nikolas Maduro da Amerikaya meydan sulayırdı, ikisinin də sonu oxşar oldu. ABŞ-ın Venesuellada həyata keçirdiyi hərbi əməliyyata və Maduronun həbsinə iki növ reaksiyalar verilib. “Baş verənləri qınayırıq” – deyənlər ABŞ-ın hərbi əməliyyatından narahat olan dövlətlərdir. “Hadisələri diqqətlə izləyirik” – deyənlər isə ABŞ-ın tərəfdaşı və Vaşinqtondan çəkinənlərdir. Bütün hallarda heç bir dövlət, o cümlədən Rusiya və Çin Veneseualla və onun artıq keçmiş lideri Maduroya görə, Donald Trampla qarşıdurmaya getməyəcək.

Tramp dünənki açıqlamasında İran rejimini bu sözlərlə hədələmişdi:

“Əgər İran dinc etirazçılara zorakılıqla atəş açsa və onları öldürsə, hansı ki bu onların adətidir, ABŞ etirazçıların köməyinə gələcək. Biz ora getməyə tam hazırıq”. Veneseuladakı hadisələr göstərir ki, Tramp dediyini etməyə çalışır. Ancaq ABŞ-ın İrana hər hansı müdaxiləsi bu ölkədə dəyişiklik istəyənlərin əleyhinə, əksinə mühafizəkarların lehinə işləyəcək, ikincilər diqqəti daxili məsələlərin həllindən yayındıraraq cəmiyyəti ümumi düşmənə qarşı birliyə çağıracaqlar”.

Medianews.az

Bizə qoşulun