Medianews.az
Ürəyi dayanmışdı –
80 baxış

Ürəyi dayanmışdı – məşhur aktyordan sevindirici xəbər

Portuqaliyada ciddi sağlamlıq problemi yaşayan türkiyəli aktyor Oktay Çubukun vəziyyəti ilə bağlı sevindirici xəbər yayılıb. Bir neçə gündür xəstəxanada müalicə alan aktyor əməliyyatının uğurla başa çatdığını açıqlayıb.

Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, 30 yaşlı aktyor anasının işi ilə əlaqədar bir müddətdir Portuqaliyanın paytaxtı Lissabonda olub.

Məlumata görə, Oktay Çubuk qaldığı oteldə qəfil halı pisləşdiyi üçün xəstəxanaya çatdırılıb.

İddialara əsasən, ilkin tibbi müdaxilə idman zalında həyata keçirilib. Hətta aktyorun ürəyinin bir müddət dayandığı, tibbi heyətin müdaxiləsi nəticəsində yenidən həyata qaytarıldığı bildirilib.

Kritik vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilən aktyorun sonradan vəziyyəti stabilləşib və adi palataya köçürüldüyü açıqlanıb.

Oktay Çubuk sosial media hesabında paylaşdığı mesajlarda səhhətinin getdikcə yaxşılaşdığını bildirib.

“Hər gün özümü daha yaxşı hiss edirəm. Tezliklə xəstəxanadan çıxacağam. Hər şey yaxşıdır. Evimi, itimi və dostlarımı görməyi səbirsizliklə gözləyirəm”, – deyə aktyor qeyd edib.

Bu gün isə xəstəxana otağından yeni paylaşım edən Oktay Çubuk əməliyyatının uğurla keçdiyini açıqlayıb.

“Əməliyyat uğurlu keçdi, hər şey qaydasındadır. Tezliklə evə buraxılacağam. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm”, – deyə aktyor paylaşımında bildirib.

Medianews.az

Bizə qoşulun