Ukrayna Silahlı Qüvvələr Sumı vilayətində Qrabovsk kəndinin Rusiya Ordusunun nəzarətinə keçdiyini, sərhədyanı ərazilərdə yaşayan sakinlərin təxliyə olunduğunu təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Kommunikasiyalar Baş İdarəsinin zabiti Dmitri Lixoviy bildirib.
Qeyd edilib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətində sərhəddə yerləşən Qrabovsk kəndi yaxınlığında dövlət sərhədini keçib, kəndin 50-dən çox sakini Rusiyaya aparılıb. Bildirilib ki, hücum nəticəsində Ukraynanın Müdafiə Qüvvələri Qrabovske rayonu ətrafında bir neçə mövqedən geri çəkilib. Hazırda həmin ərazidə vəziyyətin sabitləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Məlumata əsasən, yaşayış məntəqəsi Rusiya qüvvələrinin nəzarətinə keçdikdən sonra Ukraynanın 50-dən çox mülki vətəndaşı məcburi şəkildə Rusiya ərazisinə aparılıb. Onların əksəriyyəti yaşlı kişi və qadınlardır, deportasiya olunanlardan birinin 89 yaşı var. Qeyd olunub ki, bu şəxslərin demək olar hamısı daha əvvəl Ukraynanın daxili ərazilərinə təxliyə olunmaqdan imtina edib.
Ukrayna hüquq-mühafizə orqanları mülki şəxslərin məcburi deportasiyası faktı üzrə araşdırmalara başlayıb. Ukrayna Silahlı Qüvvələri bu hadisəni Cenevrə Konvensiyasının pozulması kimi qiymətləndirir.
Hərbçilər eyni zamanda sərhədyanı ərazilərdə yaşayan sakinləri təxliyə olunmağa çağırır. Bildirilib ki, Sumı vilayətində yerli hakimiyyət orqanları təxliyə prosesini təşkil edib və indiyədək 30 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Bununla yanaşı, 5 min 700-ə yaxın şəxs, o cümlədən 38 uşaq təxliyədən imtina edib.
***
saat 10.29
Ukraynanın Sumı vilayətinin sərhəd kəndlərindən mülki əhalinin evakuasiyasına başlanılıb.
Bunu Sumı vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.
Sumının Krasnopolsk bölgəsindən əvvəllər evakuasiyadan imtina edən sakinlər təxliyə olunub. Oleq Qriqorov deyib ki, sərhədyanı kəndlərin sakinlərinin evakuasiyası yeganə düzgün seçimdir.
Qeyd edək ki, dekabrın 20-də Rusiya Ordusunun Krasnopolsk rayonunun sərhəddə yerləşən Qrabovsk kəndini nəzarətə götürməsindən sonra 50-yə yaxın yerli sakinin Rusiyaya aparıldığı barədə xəbərlər yayılıb. Bu sakinlərin "filtrasiya tədbirləri" üçün Rusiyaya aparıldığı qeyd olunur. Eyni zamanda, jurnalistlər rus hərbi bölmələrinin Vısokiy və Ryasnoye kəndlərinə doğru hərəkət etdiyini və Ryasnoyedə hələ də mülki əhalinin olduğunu bildiriblər. Axşam saatlarında həmin kəndlərdən də evakuasiya başlayıb.