Məşhur bloger Azər Qərib son paylaşımlarından birində hava nəqliyyatında dərman daşınması ilə bağlı tətbiq olunan yeni tələblərdən danışıb.
Medianews.az milli.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, dərmanlarla bağlı 2026-cı ildən etibarən bəzi məhdudiyyətlər yaranacaq.
Blogerin açıqlamasında bildirilir ki, yenilənmiş tələblərə əsasən, təyyarə ilə səyahət zamanı dərman vasitələri yalnız istehsalçı tərəfindən təqdim olunan orijinal qablaşdırmada daşına bilər. Dərmanların başqa qablara tökülməsi, paketlənməsi və ya açıq şəkildə aparılması artıq yolverilməz hesab olunur. Bu cür hallarda dərmanlar təhlükəsizlik yoxlaması zamanı müsadirə edilə və sərnişin əlavə çətinliklərlə üzləşə bilər.
Azər Qərib qeyd edib ki, bu qaydaların əsas məqsədi uçuşların təhlükəsizliyini təmin etmək, həmçinin dərman vasitələrinin tərkibi və mənşəyi ilə bağlı yarana biləcək sualların qarşısını almaqdır.
Mütəxəssislər də sərnişinlərə səfər öncəsi daşıyacaqları dərmanlarla bağlı aviaşirkətlərin və hava limanlarının rəsmi qaydalarını öncədən yoxlamağı tövsiyə edirlər. Zəruri hallarda isə həkim resepti və ya tibbi arayışın da üzərində saxlanılması məsləhət görülür.