Almaniyanın paytaxtı Berlində şəhər şurası küçələrdəki tullantılarla mübarizə aparmaq üçün daha yüksək cərimələr tətbiq etmək niyyətindədir. Beləliklə, siqaret kötüyünü yerə atmaq bundan sonra xeyli baha başa gələcək. İtlərin sahiblərini də daha sərt cəzalar gözləyir.
İstər siqaret kötüyü, istər it nəcisinin yığışdırılmaması, istərsə də köhnə divan-kreslonun qanunsuz zibilliyə atılması əvvəlkindən çox baha başa gələcək. Şəhər şurası bunun üçün yeni cərimə kataloqu qəbul edib və burada ciddi şəkildə artırılmış ödənişlər nəzərdə tutulur.
Siqaret kötüyü üçün 250 avro
Qanunsuz iri həcmli tullantıların atılması əvvəlki 150 avro yerinə 4000 avroya, böyük miqdarda isə 500 avro əvəzinə 8000 avroya başa gələcək. Siqaret kötüyünü yerə atmağın cəriməsi bundan sonra 55 avro deyil, 250 avro olacaq. İt nəcisini yığışdırmayanlar 55 avro deyil, 80 avro ödəyəcək.
Birdəfəlik stəkan, içki qutusu və ya qablaşdırma materialları zibil qutusuna atılmadıqda ən azı 250 avro cərimə tətbiq olunacaq. Küçə kənarına atılan döşək üçün minimum 100 avro, köhnə təkərlər üçün isə hər təkərə görə 700 avro ödəniləcək. Küçədə “hədiyyəlik” yazılmış yeşiklər qoymaq da bundan sonra inzibati xəta sayılacaq və cərimə ilə nəticələnəcək.
İri həcmli tullantılar üçün beşrəqəmli cəza mümkündür
Ətraf mühit idarəsinin məlumatına görə, küçədə və ya meşədə iri həcmli tullantıların atılması bundan sonra miqdardan asılı olaraq 1500-11.000 avro arasında dəyişəcək. Əvvəllər bu rəqəm 150-500 avro idi. Əgər zərərli maddələr işin içindədirsə, cərimə 15.000 avroya qədər yüksələcək.
Eyni zamanda, təkrar istifadə olunan qabların təklif edilməməsinə görə də cərimələr artırılacaq: satış sahəsi 80 kvadratmetrdən çox olan müəssisələr “take-away” içkilər üçün çoxistifadəli stəkan təqdim etməzsə, 750 avro cərimələnəcək, bəzən isə daha çox.
Berlin küçələrində problem böyükdür
Berlinin bir çox yerində insanların köhnə mebel, xalça və ya elektrik cihazlarını sadəcə küçəyə atması geniş yayılıb. Səkilərdə və parklarda it nəcisinə, saqqıza tuş gəlmək mümkündür. “Take-away” qəhvə stəkanları, butulkalar və qablaşdırmalar küçələri və meydanları doldurur. Tikinti tullantılarının küçəyə atılması da nadir hal deyil. Bütün bunların təmizlənməsi dövlətə böyük məbləğə başa gəlir.
Yaxında kameralar quraşdırılacaqmı?
Almaniya parlamentində təmsil olunan siyasi partiyaların nümayəndələri bildirirlər ki, maliyyə baxımından daha sərt cəzalar ən azı insanları şəxsi maraqları üçün qaydaları pozmaqdan çəkindirəcək. Bundan əlavə, əldə edilən gəlirlərlə zibil atılan yerlərin kameralarla nəzarət edilməsi kimi tədbirlər maliyyələşdirilə bilər.
Yeni cərimə kataloqunun qüvvəyə minmə tarixi hələlik dəqiq məlum deyil.
Sarvan Səmədoğlu,
Almaniya