Medianews.az
Şifer qırığı haqqında esse -
56 baxış

Şifer qırığı haqqında esse - Zamin Hacı YAZIR...

“Bu yarada qan olsaydım,

Tökülüb ziyan olsaydım”

(Yusuf Hayaloğlunun şeirindən)

Dava ərəfəsində bir çox dünya dövlətləri öz vətəndaşlarına müraciət yayırdılar: “Təcili İrandan çıxın”. Görünür rəsmi kanallarla ABŞ-dan və İsraildən hansısa informasiyalar almışdılar. Bilmirəm bizim dövlətin də belə müraciəti var idimi, ancaq bizi başqalarından fərqləndirən xüsusiyyət var axı. Biz kimə deyək İrandan çıxın? Milyonlarla azərbaycanlıya necə deyəsən bunu?

Doğrudur, onlar rəsmən Azərbaycan Respublikası adlı qurumun vətəndaşları deyillər. Ancaq vətəndaşlıq təkcə rəsmi kağız-kuğuzla qurtarmır. Dili dilindən, adəti adətindən olan adamlardan söhbət gedir. Tək qardaşlıq məsələsi deyil, İrandakılar elə bizim özümüzük. Qardaşlıq sözü vəziyyəti tam ifadə eləmir.

Mən buna bənzər duyğuları... şifer qanunu müzakirə ediləndə də yaşamışdım. Keçən ay Milli Məclis asbest və ondan hazırlanan materialların dövriyyəsinin qadağan edilməsi haqqında qanun qəbul elədi. Beynəlxalq təcrübə imiş. Asbest xərçəngə səbəb olurmuş. Qanun 2027-ci ilin yayında qüvvəyə minəcəkmiş. Yəqin əldə olanları satıb-sovmaq üçün camaata vaxt veriblər. Qısa faktoloji-informativ çərçivə bu idi, ancaq mənim üçün asbest qanunu heç vaxt qüvvəyə minməyəcək. Buna yüz faiz əminəm. “Niyə”si çox ağırdır. Mənim üçün, əlbəttə. Şəxsi əhvalatları bölüşməyi çox da sevmirəm, ancaq hərdən lazımdır.

Asbestdən bizdə əsasən dam örtüyü – şifer kimi istifadə edilir. Kənddəki evimizin şiferlə örtülməyi vaxt etibarilə uşaqlığıma düşsə də, təxminən yadımda qalıb. Əvvəl qırmızı kirəmit idi. Yanılmıramsa, söküb bir qırağa yığdığımız kirəmitləri sonra Lənkərandan kimsə gəlib alıb, aparmışdı. Nə yaxşı ki, aparmışdı, çünki o evdən xilas olan, qurtulan elə həmin dam örtüyüdür. Köhnə damımız beləcə, uçub Lənkəranda yerə, daha dəqiqi hansısa divarın başına qondu. Onun altında hansısa xoşbəxt ailənin yaşadığına inanıram.

İşğalçılar evimizi tamam yandırıb, dağıtdılar, 2020-ci ilin 7 dekabrında, 27 il sonra o xarabalıqlar qarşısında duranda burada 16 illik uşaqlığımın keçdiyini heç cür anlaya bilmədim. Tamam başqa məkana dönmüşdü. Torbama bir az torpaq doldurdum və hər yana dağılan şifer qırıqlarından götürdüm.

İndi həmin bir qarışlıq şifer qırığı evdə, başımın üstündə (bu dəfə şkafda) durur. Dünyanın ən əziz, qiymətli əşyalarından biridir məndən ötrü.

Hər dəfə o şifer qırığını əlimə götürəndə elə bilirəm anamın səsini eşidirəm. Məni cücələri sağsağan və qarğalardan qorumağa çağırır. Bir də ley adlı yırtıcı quş var idi. Hamısı yuxarıdan gələrdi.

Elə bilirəm yenə selləmə, şıdırğı yağış başlayıb, müəllim atam damla eyvanımız arasındakı, işğala qədər də düzəltməyi bacarmadığı navalçadan axan suyu hansısa “ziyalı üsulu” ilə kəsməyə çalışır, axırda yenə əlacsız qalıb vedrə və vannaları suyun altına düzürük.

Bacım Gülər və qardaşım Aqşin damın üzərində dağ keçiləri kimi oradan-ora hoppanır, nəhəng qoz ağacının meyvələrini sərbəstcə dərirlər, mən isə aşağıdan onlara bir az da həsədlə baxıram – həmişə hündürlükdən qorxmuşam.

Mənim bu şifer qırığı ilə bağlı xatirələrim o qədər çoxdur, o qədər tükənməzdir, o qədər əzizdir ki, indən belə 27 il də danışaram, yazaram, bitməz.  

“Vətəndaşlar, filan ərazini tərk edin” deməyə nə var ki? “Şifer xərçəng yaradır” deməyə nə var ki? Sən bir də bunları bizə de...

Zamin HACI 

Bizə qoşulun