Medianews.az
Sərhəd qadağası cibimizə necə təsir edir? —
62 baxış

Sərhəd qadağası cibimizə necə təsir edir? — AÇIQLAMA

Azərbaycanın quru sərhədləri pandemiya dövründən bu yana bağlı qalması cəmiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Dünyanın əksər ölkələri pandemiya dövründən sonra məhdudiyyətləri aradan qaldırsa da, Azərbaycan quru sərhədlərinin bağlı saxlamağı lazım bilib.

Medianews.az bildirir ki, bu barədə iqtisadçı ekspert Rəşad Həsənov Demokrat.az-a açıqlama verib.

O bildirib ki, Azərbaycanda quru sərhədlərin bağlı qalması artıq pandemiya ilə əlaqələndirilmir:

“Çünki pandemiya 2023-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının rəsmi bəyanatı ilə başa çatmış hesab olunub. Mövcud vəziyyət daha çox təhlükəsizlik amilləri ilə izah edilir. Bununla belə, qərarın sosial-iqtisadi təsirləri də nəzərə çarpır. Ən çox təsirə məruz qalan təbəqə sərhəd bölgələrində yaşayan əhalidir. Araşdırmalar göstərir ki, həmin ərazilərdə ailə gəlirlərinin mühüm hissəsi xırda və sərhədyanı ticarət fəaliyyətindən formalaşır. Quru sərhədlərin bağlı qalması bu imkanları məhdudlaşdırır və bir çox ailənin gəlir mənbəyinə mənfi təsir göstərir. Bu isə regionların inkişafı və balanslı sosial-iqtisadi siyasət baxımından müəyyən risklər yaradır. Eyni zamanda, bu vəziyyət daxili miqrasiyanın artmasına səbəb olur. Xüsusilə sərhəd rayonlarında yaşayan insanlar dolanışıq imkanlarının azalması səbəbindən paytaxta və iri şəhərlərə üz tutmağa məcbur qalırlar”.

O deyib ki, turizm sektorunda da təsirlər hiss olunur:

“2019-cu illə müqayisədə turizm gəlirləri nominal olaraq artsa da, real göstəricilər baxımından itkilər mövcuddur. Çünki Azərbaycanın əsas turizm bazarları olan Gürcüstan, Rusiya və İranla quru sərhədlər bağlıdır. Statistik məlumatlara görə, bu ölkələrdən gələn turistlərin 70-95 faizi quru nəqliyyat vasitələrindən istifadə edirdi. Sərhədlərin bağlı qalması həmin turist axınını ciddi şəkildə azaldıb. Digər mühüm məqam əhalinin məişət və tibbi ehtiyacları ilə bağlıdır. Vətəndaşlar əvvəllər İranda daha sərfəli tibbi xidmətlərdən, eləcə də məişət malları və ərzaq məhsullarından faydalanırdılar. Gürcüstan bazarında isə avtomobil ehtiyat hissələri və digər məhsullar daha münasib qiymətə təklif olunurdu. Hazırda bu imkanlar məhdudlaşıb. Sərhədlərin bağlı qalması sosial əlaqələrə də mənfi təsir göstərir. Gürcüstan və Rusiyada yaşayan çoxsaylı azərbaycanlıların yaxınları ilə əlaqəsi əsasən hava nəqliyyatı vasitəsilə mümkündür ki, bu da həm maddi, həm də logistika baxımından daha çətin və xərc tələb edən prosesdir”.

Bizə qoşulun