Medianews.az
İclasda yuxuladığı deyilən alimin qızı
73 baxış

İclasda yuxuladığı deyilən alimin qızı “Əsassız tənqid və qərəzli münasibət...”

"Elmə və alimə hörmətlə yanaşmaq gələcəyimizə hörmət deməkdir! Son zamanlar AMEA-nın adı sosial şəbəkələrdə tez-tez hallandırılır. Təəssüf doğuran haldır ki, mövzu ilə bağlı kifayət qədər məlumatı olmayan şəxslər tərəfindən müxtəlif yazılar paylaşılır, bəzi xəbər saytlarında isə dəqiqliyi təsdiqlənməmiş məlumatlar, hətta şəkillərlə birlikdə yayımlanaraq ictimai rəyə təqdim olunur. Bəzən bu paylaşımlar sensasiya xarakteri daşıyır və sanki məlumatı daha tez yaymaq üçün yarış aparılır".

Medianews.az xəbər verir ki, bunu filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin qızı, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi İdarə Heyətinin sədri Təranə Paşayeva bildirib.

"Təəssüf edirəm ki, belə hallar məhz yaşadığımız ölkədə baş verir. Alimlərimiz cəmiyyət üçün böyük dəyər kəsb edir. Elm yolu uzun, çətin və məsuliyyətli bir yoldur. Bu yolda insan illərlə araşdırmalar aparır, elmi məqalələr və kitablar nəşr etdirir, bilik və təcrübəsini artıraraq alimlik zirvəsinə yüksəlir. Bu, həqiqətən də böyük zəhmət, səbr və fədakarlıq tələb edən bir ömür yoludur.

Bütün həyatını elmə həsr edən, ömrünü araşdırmalara və gənc nəslin yetişməsinə sərf edən ziyalılarımıza qarşı bəzi informasiya resurslarında qeyri-ciddi və lağlağı münasibətin sərgilənməsi ciddi təəssüf hissi doğurur. Alimlərin elmi fəaliyyətini, tədqiqatlarını və nəşrlərini müzakirə etmək əvəzinə, mövzunun qeyri-ciddi istiqamətə yönəldilməsi cəmiyyət üçün faydalı deyil.

Unutmamalıyıq ki, elmə və alimə hörmət cəmiyyətin inkişaf göstəricisidir. Bu gün hansısa uğuru və ya mövqeni tənqid edənlərin bir qismi, bəlkə də, həmin zirvəyə çatmağın nə qədər çətin olduğunu dərk etmir. Lakin tarix göstərir ki, əsassız tənqid və qərəzli münasibət dəyəri azaltmır; əksinə, görülən işin və qazandığı hörmətin göstəricisi ola bilər.

AMEA-nın və ümumilikdə elmin nüfuzunun qorunması hər birimizin məsuliyyətidir. Elmə və alimə hörmətlə yanaşmaq gələcəyimizə hörmət deməkdir" - Təranə Paşayeva əlavə edib. 

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin son iclasında bir neçə alimin yuxulamasını əks etdirən görüntülər cəmiyyətdə ciddi müzakirə edilmişdi. İclasda mürgüləyənlər arasında Qəzənfər Paşayevin də olduğu deyilirdi. Alim isə açıqlamasında yatmadığını, sadəcə gözünə işıq düşdüyünü bildirmişdi. 

Bizə qoşulun