Bankı soyurlar, maşında pulu aparanda oğrulardan biri deyir, saxlayın, sayaq. Müdrik oğru deyir: “Ehtiyac yoxdur, səhər qəzetlərdə məbləği yazacaqlar”.
Bu anekdotu yada salmağımın mənası ölkəmizdə informasiya mühiti temasında növbəti dəfə ünvansız-filansız donquldanmaqdır. Çünki ünvan yazsam, gərək gedəm konkret bir ünvanda oturam. Daha dəqiqi, aparalar. Dahi Mirzəmizin ölməz qəhrəmanı demiş, mən də “çöllәrin otuyam, küçәlәrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam – heç bir şeyəm”.
Xəstəxanada adam ölür, əlaqədar orqanlar açıqlama vermək əvəzinə əsrarlı şəkildə susurlar. Nəticədə şayiələr baş alır, gedir. Ümumiyyətlə, bizdə ən çox gəzən şayiələrdir, ona görə şayiələr sapsağlam qalırlar, ölüb-eləmirlər. Hər şayiə üçün gündəlik 10 min adam gəzmək limiti müəyyən edilmişdir – cəmiyyətimiz tərəfindən.
Azərbaycan xalqını elə bir vəziyyətə gətirib çıxarmışıq ki, artıq camaat doğru xəbərə yox, şayiələrə hörmət edir. Məhz şayiələr daha uzunömürlü olduğu üçün! Xəbərin ömrü 10 adamdan o yana keçmirsə, şayiə yorulmadan minləri dolaşır. Yəqin tezliklə həkimxana məktəbində şayiə həkimi, yalanoloq, böhtanoped kimi ixtisaslar açılmalı olacaqdır.
Bəs bu əlaqədar orqanların mətbuat xidmətləri, ya da indi dəbdə olan, zəhləmgetmiş ifadə ilə yazsam “ictimaiyyətlə əlaqələr şöbəsi” yoxdurmu? Var. Hərəsinin da başında bir əski və “məşhur jurnalist” qondurulmuşdur. O qədər məşhurdurlar ki, həm camaat, həm media işçiləri bu tiplərin həmin vəzifələri daşıdığını adətən onlar işdən çıxarılanda öyrənirlər. Hələ abırsızcasına bizə minnət də qoyurlar və sanki yanıq verirlər: “Burada işlərim başa çatdı, əziz kankalar, ayrılıram, yeni yerimdə bana uğurlar diləyin, haydı!”. Adətən axırda öpüşlü, ürəkli smaylik-zad da yapışdırılır – görünür bu, yeni dövrün informasiya bülleteni tələblərindən biridir.
İşin absurd və paradoksal tərəfi həm də odur ki, bu “məşhur jurnalistlər” həmin vəzifələrə qoyulana qədər jurnalistlərin dövlət orqanlarından informasiya almaq imkanları daha yaxşı idi. Nazirlər, ali rütbəli şəxslər vaxtaşırı brifinq keçirərdi, hətta bəzi idarələrdə bu, davamlı, dövri, məsələn, həftəlik mətbuat konfransları şəklində olardı. Görünür, indi həmin “məhşur jurnalistlər” hesab edir ki, xəbəri özümüz bilsək bəsdir, camaat neyləyir?
İctimaiyyətlə əlaqələrin hazırda çoxlu üsulları var, bəlkə bu baxımdan o zəhləmgetmiş “ictimaiyyətlə əlaqələr şöbəsi” söz birləşməsinin yaşamaq hüququ olmalıdır. Lakin ictimaiyyətlə əlaqənin ən birinci üsulu kütləvi informasiya vasitələridir axı. Zəhmət çəkin, qəzetə-sayta-filana xəbər verin, onlar yaysınlar. Bu, sizin borcunuzdur. Xalq nə qədər şayiələrlə gəzməyi xoşlasa da, ona halal həqiqətlə qucaqlaşmaq faydalıdır.
Bayaq keçmişi nostalji ilə xatırladım, ancaq əslində “cavanlığımız da bir şey deyildi” – biz mətbuata senzura qoyulmasını təklif edib, həyata keçirən... mətbuat xidməti başçıları görmüşük.
Yazını isə lətifə ilə başlamısansa, gərək lətifə ilə də bitirəsən, qanqaraçılıq lüzumsuz haldır: “Sovetin vaxtıdır, iki nəfər mətbəxdə oturub söhbətləşirlər. Biri deyir: “Son vaxtlar bu Hondurasdakı vəziyyət məni çox narahat edir”. Dostu deyir: “Sən onu tez-tez qaşı, keçib gedəcək”.