Çin vətəndaşı və Filippinin Bamban şəhərinin keçmiş meri Alis Quo insan alveri ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.
Məhkəmə onu yüzlərlə insanın saxlanıldığı və məcburi işə vadar edildiyi genişmiqyaslı onlayn fırıldaqçılıq mərkəzi təşkil etməkdə günahkar bilib.
2024-cü ilin mart ayında polis basqını zamanı kompleksin içərisində Asiya və Afrika ölkələri vətəndaşları olan 700-dən çox insan tapılıb. Onların bir çoxu fiziki zorakılıq və cəza təhdidi altında romantik fırıldaqçılıqdan tutmuş onlayn qumara qədər müxtəlif saxtakarlıqlarda iştirak etməyə məcbur ediliblər.
İstintaq zamanı məlum olub ki, Alis Quo təxminən 80 000 əhalisi olan Bamban şəhərindən namizədliyini irəli sürmək üçün Filippin vətəndaşı olduğunu iddia edən saxta sənədlərdən istifadə edib. Fırıldaqçının əsl adı Quo Huapinqdir və istintaq zamanı onun vətəndaşlığının və bələdiyyə vəzifəsinə uyğunluğunun uydurma olduğu, mandatının isə etibarsız olduğu müəyyən edilib.(Oxu.Az)