Medianews.az
Sağlam və doyumlu naharın sirri:
87 baxış

Sağlam və doyumlu naharın sirri: Dietoloqdan faydalı məsləhətlər və resept

Müasir həyat tərzi bir çox insanı naharı ötürməyə və ya tələsik yüngül qəlyanaltılarla kifayətlənməyə vadar edir. Bu isə axşam saatlarında həddindən artıq yeməyə və balanssız qidalanmaya səbəb ola bilər.
Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, məhz nahar günün ən doyumlu və enerjiverici yeməyi olmalıdır, lakin çox vaxt ona lazımi diqqət ayrılmır.

Arıqlamaq istəyənlər üçün nahar xüsusilə çətin mərhələyə çevrilir. Ən çox yol verilən səhvlərdən biri kalorilərin kəskin azaldılmasıdır. Bir gün doyurucu yemək yeyən insan ertəsi gün yalnız kələm salatı ilə kifayətlənməyə çalışır ki, bu da orqanizmi zəif salır və nəticəni gecikdirir.

Bəs ideal nahar necə olmalıdır? Dietoloq Emi Qudson bildirir ki, ən uyğun seçim düzgün tərtib olunmuş salatdır. Söhbət nə mayonezli ağır salatlardan, nə də yalnız xiyar və göyərtidən ibarət boş yeməklərdən gedir.

Yaxşı nahar mütləq liflə zəngin olmalı, zülal, yağ və karbohidrat baxımından tarazlanmalıdır. Arıqlamaq məqsədi olsa belə, yağ və karbohidratlardan tam imtina etmək düzgün deyil. Eyni zamanda əzələlər üçün əsas tikinti materialı olan zülal da mütləq rasionda yer almalıdır. Yalnız bu halda nahar uzunmüddətli toxluq hissi yarada bilər.

Mütəxəssislər qeyd edirlər ki, gün ərzində qəbul edilən ümumi kalorinin təxminən 30–35 faizi naharın payına düşməlidir. Lakin burada da ölçünü gözləmək vacibdir. Hətta sağlam souslar, avokado və çərəzlər belə normadan artıq istifadə edildikdə naharı ağır və həddindən artıq kalorili edə bilər.

Faydalı nahar üçün sadə resept

Dietoloq Emi Qudson ideal nahar üçün özünün sevdiyi salat reseptini də paylaşıb. Bunun üçün sizə aşağıdakı məhsullar lazımdır:

  • somon balığı,

  • müxtəlif göyərti,

  • kinoa,

  • avokado,

  • göyəm,

  • balzamik sous,

  • feta pendiri,

  • xırdalanmış qoz ləpəsi.

Miqdarları zövqünüzə və gündəlik kalori ehtiyacınıza uyğun seçə bilərsiniz. Bu salat orqanizmi faydalı maddələrlə təmin edir, uzun müddət toxluq hissi yaradır və ağırlıq hissi olmadan enerjinizi qorumağa kömək edir.

Bizə qoşulun