ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülmüş, Ukraynanın faktiki kapitulyasiyasına hesablanan “sülh planı” qəbul edilmədi. Hətta Tramp özü də geri addım atmalı oldu və bildirdi ki, bu sonuncu plan deyil və yeni variantlar da mümkündür. ABŞ dövlət katibi Marko Rubionun açıqlaması isə vəziyyətə tam aydınlıq gətirdi: onun sözlərinə görə, həmin planın mətnini Moskva hazırlayaraq Vaşinqtona təqdim etmişdi. Bu açıqlama göstərdi ki, ABŞ administrasiyası bundan sonra belə sənədlərin arxasında dayanmaq gücündə deyil.
Artıq ABŞ mövcud sülh planından geri çəkildi. Avropa liderlərinin prinsipial mövqeyi və Ukrayna prezidentinin diplomatik çevikliyi Kremlin maraqlarına uyğun təhlükəli mexanizmin reallaşmasını blokladı. Cenevrədə Avropa, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən görüş müsbət dinamika göstərdi və diplomatik koordinasiyanın gücləndiyini təsdiqlədi. Bu baxımdan gələn həftə Ukrayna üçün gözlənilən risklər neytrallaşdırılıb.
Halbuki Tramp Rusiyanın hazırladığı həmin planı noyabrın 27-də Zelenskidən imzalamağı tələb etməyi nəzərdə tuturdu.
Lakin hadisələrin gedişatı başqa cür oldu: Trampın “sülh planı” qəbul edilmədi. Rusiya yönümlü bəzi şəxslərin televiziya qarşısında göstərdikləri sevinc uzun sürmədi.
Tramp son açıqlamasında bildirdi ki, ABŞ silah tədarükünü davam etdirir, NATO maliyyə dəstəyini verir və Avropa İttifaqının hazırladığı sülh planı mövcuddur. ABŞ bu planı dəstəkləyəcək və prosesin istiqaməti Avropa ilə koordinasiya çərçivəsində müəyyənləşəcək.
Hazırda top Moskvadadır. Əgər Rusiya prezidenti Vladimir Putin yeni planla razılaşmasa, müharibənin təsiri ilk növbədə Rusiyanın daxilində – Moskvada hiss olunacaq.
Qeyd etmək lazımdır ki, Putinin təqdim etdiyi “sülh planı” onun müharibəni bitirmək niyyətindən xəbər veridi. Kreml ciddi dilemma qarşısındadır: ya Qərbin şərtlərini nəzərə alan kompromis, ya da müharibənin dərinləşməsi. Avropa İttifaqı 24 bəndlik atəşkəs sənədi hazırlayıb. ABŞ Avropa İttifaqının bu sənədi ilə razılaşmalı olacaq.
Nəticə etibarilə həm Avropanın vahid mövqeyi, həm də Ukraynanın diplomatik dözümlülüyü Tramp–Putin xətti üzrə irəli sürülən planın tam fiaskoya uğramasına səbəb oldu.
Məhəmməd Əsədullazadə,
siyasi ekspert