Medianews.az
Rusiya Milad bayramında da döyüşmək istəyir
99 baxış

Rusiya Milad bayramında da döyüşmək istəyir

Almaniya kansleri Fridrix Mertsin Rusiya ilə Ukrayna arasında Milad bayramı günlərində atəşkəsin elan olunması barədə təklifi Kremlin dəstəyini qazanmayıb.

Modern.az-ın məlumatına görə, Rusiya prezidenti mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ukraynaya fasilə vermək və müharibənin davamına şərait yaratmaq məqsədi daşıyan müvəqqəti atəşkəs variantını qəbul etmir.

Peskovun sözlərinə görə, hazırda əsas məsələ ABŞ prezidenti Donald Trampın da ifadə etdiyi kimi, “razılaşmaya çıxılıb-çıxılmaması”dır.

O qeyd edib ki, əgər Ukrayna tərəfi real və davamlı razılaşma əvəzinə, qısaömürlü və işlək olmayan həll yollarına üstünlük verərsə, Rusiya bu prosesdə iştirak etməyə hazır deyil. Kreml nümayəndəsi Rusiyanın mövqeyinin həm ABŞ-a, həm də Ukraynaya yaxşı məlum olduğunu vurğulayaraq, Moskvanın müharibəni dayandırmaq, öz məqsədlərinə nail olmaq, maraqlarını təmin etmək və Avropada uzunmüddətli sülhə zəmanət vermək istədiyini deyib.

Milad atəşkəsi ideyasını Fridrix Merts Berlində Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib. Kansler bildirib ki, ola bilsin Rusiya hakimiyyətində müəyyən qədər humanizm qalıb və bir neçə gün ərzində insanlara dinc yaşamaq imkanı verilə bilər. Onun fikrincə, bu addım sülhə doğru ilk mərhələ ola bilər.

Volodimir Zelenski isə təşəbbüsü dəstəklədiyini və bu ideyanın ABŞ tərəfindən də müsbət qarşılandığını açıqlayıb. O vurğulayıb ki, Fridrix Merts bu təklifi rəsmi şəkildə irəli sürüb və Ukrayna prezidenti kimi bu təşəbbüsü tam dəstəkləyir.

Bizə qoşulun