Rusiyanın Yaroslavl vilayəti üzrə Federal Məhkəmə İcraçıları Xidmətinin əməkdaşları 42 qeyri-qanuni miqrantın ölkədən çıxarılması prosedurunu həyata keçiriblər.
Lent.az bildirir ki, onlar hava limanına çatdırılaraq doğma ölkələrinə uçan təyyarəyə mindiriliblər. Miqrantlar 2025-ci il ərzində polis tərəfindən keçirilən reydlər zamanı aşkarlanıblar. Xüsusi mərkəzdə saxlanıldıqdan sonra planlı şəkildə vətənlərinə göndəriliblər.
Ümumilikdə 2025-ci il ərzində məhkəmə icraçıları miqrasiya qanunvericiliyini pozmuş 345 xarici vətəndaşı Rusiya ərazisindən çıxarıblar. İcraçılar ilin yekunlarını açıqlayaraq bildiriblər ki, bu il qeyri-qanuni miqrantların vətəndaşlığı nəzərəçarpacaq dərəcədə daha müxtəlif olub. Əsas hələ də Tacikistan, Özbəkistan və Azərbaycan olsa da, Yaroslavl şəhəri və Yaroslavl vilayətində ümumilikdə 19 ölkənin vətəndaşları aşkarlanıb.
Qeyri-qanuni miqrantların gəldiyi ölkələr üzrə bölgü belə olub: Kuba – 9 nəfər, Çin – 8, Komor Adaları – 3, Vyetnam – 4, Kamerun – 3, Mali – 1, Banqladeş – 1, Moldova – 3, Ukrayna – 1, Belarus – 4, Ermənistan – 12, Gürcüstan – 4, Türkmənistan – 17, Qazaxıstan – 2, Azərbaycan – 16, Qırğızıstan – 17, Tacikistan – 96, Özbəkistan – 144.
Ölkədən çıxarılan bütün şəxslərə beş il müddətinə Rusiyaya yenidən giriş qadağası qoyulub.