“Göbəyin ağ dələmə, Görmüşəm, düymələmə! Di qoy, di qoy, Di qoy, məni yar öldürsün; Gözləri xumar öldürsün, İxtiyarı var, öldürsün!”
(Əbdürrəhim bəy Haqverdiyev, “Marallarım” əsərindən)
26 dekabr bütün dünyada “Xalq şairləri günü” kimi qeyd edilir, bu münasibətlə xalq şairlərimizi təbrik edirəm... Əlbəttə, zarafat idi, dünyada belə bir bayram günü yoxdur. Əslində dünyada heç xalq şairi adı da yoxdur, Sovetdən qalma bu ad ancaq bizim kimi ərazilərdə yaşadılır. Ancaq nə ziyanı, fəxri adın biri az, bir çox, qalsın yerində.
Təzəlikcə yaşamaqda olan xalq yazıçı və şairlərimizin siyahısını açıqlamışdılar, məlum olmuşdu onlardan cəmi 4 xalq şairi, 6 xalq yazıçısı salamatdır. Üst-üstə 10 nəfər edir. Prinsipcə, hər milyon adamımıza 1 xalq şair-yazıçısı düşür, ancaq azdır. Bunu artırmaq lazımdır. Məsələn, xalq artistlərinin sayı daha çoxdur. Bəzən hansısa sünnət toyunda səhnədə 15 xalq artisti oxuyur. Elə çıxır ki, xalqımız nəsr və poeziyaya manıslıqdan daha az hörmət bəsləyir. Bu, bizim dünya imicimizə ziddir. Nizamilər, Füzulilər, Məhsətilər və sairə... Halbuki indi məndən soruşsan Füzuli dövründə yaşamış 1 nəfər belə manısın adını çəkə bilmərəm. (Nizaminin Afaq adlı kənizi bizə məlumdur, hesab edək o, şair üçün həm də çalıb-oxuyurmuş).
İnşallah, gələn il Mədəniyyət Nazirliyi 50 min manatlıq ədəbiyyat mükafatını təqdim eləyəndə xalq şairlərimizin baş sayında artım əldə olunar. Bunun üçün hərtərəfli şərait var. Hətta İranda yaşayan soydaşlarımız arasında xalq şairi adı verməliyik. Təzəlikcə AYB Güney Azərbaycan ədəbiyyatı şöbəsində rəhbərlik dəyişdirildi, Sayman Aruzun yerinə Qaraca Çobanı qoydular. Deməli orda ədəbiyyat otlaqlarımıza nəzarət təmin ediləcəkdir. Maşallah. Çox lazımlı hadisədir. Elə bir geopolitik bölgədə məskunlaşmışıq ki, burada siyasi liderlər mütləq şeir oxumalıdır. Hara getsən bir-iki bənd deyirsən, xalq sevinir.
Bu baxımdan, görkəmli şairəmiz Elza Seyidcahanla görkəmli loğman Rəşid doxtur arasında jurnalistlər tərəfindən yaradılan süni qalmaqal heç yaxşı olmadı, dövlətçilik mənafelərimizə ziddir. Rəşid müəllim şairəni dəli adlandırdı, şairə isə ona qoca sarsaq dedi. Hətta iddia elədi ki, doxtur neçə ildir üzünü yumur. Sitat: “Amma mən gündə 3 dəst paltar dəyişirəm”.
Açığı, pal-paltarın çoxluğu ilə öyünmək, o cümlədən kiməsə kasıbçılığını, imkansızlığını baş qaxıncı etmək “Tikim ağzınızı” kimi möhtəşəm sənət əsəri yaratmış Elza xanıma heç yaraşmadı. Lakin bu diskussiyadan xalqımızın qazancı da oldu: həmin şeirin hazırda Rəşid müəllimə ithaf edildiyini öyrəndik. Bir növ, keçici kubok kimi şeirdir, Elza xanım onu hər dəfə bir personaja ithaf edir. Bunun özü dünya poeziyasında yenilik sayılır.
Xalqımızın ədəbiyyat söhbətləri etməsi sevindiricidir. Keçən ay da başqa bir diskussiya xalq şairi Vahid Əzizlə müğənni Nuran arasında yaşanmışdı. Müğənni şairin “Ay yalançı” şeirinə mahnı qoşmuş, lakin mahnının sözlərində “Lap Tanrı ol, ocağına sürünmərəm, ay yalançı” misrasını dəyişdirərək “Bir də məsum göz yaşına inanmaram, ay yalançı” deyə oxumuşdur. Şair isə narazı qalıb, deyir nə qədər sağam, mahnıda sözümü oxuyanda məndən icazə alın, sonra dəyişdirin.
Burada mən müğənninin tərəfini tutmağa məcburam, çünki şairin yazdığı formada oxusa, el qınağına tuş gələrdi. Necə yəni “Lap Tanrı ol”? Mənəvi-milli dəyərlərimiz bəs? Allaha qarşı çıxmaq hiss edilir. Tanrı yalançı ola bilərmi? Şair bununla nə demək istəyir? Təklif edirəm onun xalq şairi adına yenidən baxılsın. Müğənninin “bir də məsum göz yaşına inanmaram” variantı tolerantdır, multikultural ənənələrimizə uyğundur. Hərçənd burada da məntiqi xəta var, çünki yalançının məsum göz yaşı olmur.
Yazını Əbdürrəhim bəyin başqa əsərindən beytlə bitirək, oxucularımıza xoş gün diləyək:
“Bir dil ki qəm düçarı ola, ağlar, ağlamaz?
Ənduhi-qüssə yarı ola, ağlar, ağlamaz?"
Zamin Hacı