Medianews.az
Qələm adamlarının yeni il ETİRAFLARI –
343 baxış

Qələm adamlarının yeni il ETİRAFLARI – Bayram planları açıqlandı

Yeni ilə sayılı günlər qalıb. Demək olar ki, hər kəs bayram hazırlıqlarına start verib. Yeni il ərəfəsində insanların ən çox düşündüyü suallardan biri isə bayramı harada və kimlərlə keçirmələridir. Hamıya tanış olan bir deyim var: “Yeni ili necə keçirtsən, ili də elə başa vuracaqsan.” Bəs görəsən qələm adamları yeni il üçün nə planlayır və bayramı necə və harada qarşılayacaq?

Medianews.az bu barədə yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Yazıçı Səfər Alışarlı:

“Əslində, bizim Yeni ilimiz Novruz bayramıdır. Düşmüşük xristianların ardınca rusdanqalma qeyri-milli ənənələri yaşatmaqda davam edirik.

Xalqı, milləti və dövləti yaşadan ənənədir. O yoxdursa və yaxud zəifdirsə, onun sahibi məğlubediləndir. Əksinə, ənənə nə qədər möhkəmdirsə, ona qalib gəlmək bir o qədər çətindir. Diqqət yetirsək, görərik ki, 200 illik rus işğalının ideoloji sahədə əsas məqsədi bizim milli, dini, əxlaqi, mənəvi, ailəvi, eləcə də ordu və döyüş ənənələrimizi sarsıtmaq olub. Bir sıra məsələlərdə düşmənlərimiz buna tam və ya qismən nail olublar. İndi biz müstəqil dövlətik. Şükür ki, torpağımızı erməni-rus işğalından azad etmişik. Ancaq hələ də xalq, toplum baxımından tam, bütöv deyilik, bunun özü bizdə natamamlıq kompleksi yaradan əsas məsələdir. Digər tərəfdən, biz özümüzü Avropadan, Amerikadan çox da uzaqda tuta bilmirik. Ona görə onların təsiri altında bizdə “milli” kimi görünə biləcək yeni ənənələr formalaşır. Biz toplum halında, həm də hər birimiz fərd olaraq, özümüzü cəmiyyətdən ayırır, öz maddi, mənəvi hücrəmizə çəkilir və nəticədə bir-birimizə qarşı aqressivləşirik, ən azı laqeydləşirik. Səhər nəqliyyatdakı, avtomagistrallardakı sürücü və sərnişin aqressivliyinə fikir verin. Bizdə zənginliyin və kasıblığın, evliliyin və subaylığın, vəzifəliliyin və vəzifəsizliyin yeni, mədəniyyətin və incəsənətin caiz sayılmayacaq ənənələri formalaşır və bu bizim milli birliyimizə, dövlət və xalq olaraq sarsılmazlığımıza xələl gətirir. Bu gün biz xalqımızım, torpağımızın gələcəyini təmin etmək üçün uşaq doğmaq istəmirik. Səbəbi ailənin maddi təminatının olmamasıdır. Bu, fərdi aqressivliyin və ictimai laqeydliyin son həddinə gətirib çıxara bilər. Bundan sonra müəyyən müddət ərzində xalq da, onun dövləti də yer üzündən silinib gedər, ya da ondan böyükləri tərəfindən yeyilər.

Şair, bəstəkar Xanım İsmayılqızı:

“Yeni il bayramı”nın şəxsən mənim üçün yaxşı cəhəti o olacaq ki, öz işlərimlə məşğul olmağa bir həftəlik vaxt tapacağam. Yeni ili, həmişəki kimi, evimdə, kiçik masa arxasında, ailəmlə qarşılayacağam.

Gələn il 70 yaşıma salam deyəcəyəm. İki yubiley kitabımın üzərində işləyirəm. Biri 70 şeir, biri 70 mahnımın not kitabı. 70-in havasında olduğumdan beynim görəcəyim işlərə köklənib. Amma əlbət ki, yeni ilin gəlişini əzizlərimlə, ürəyimdə arzularla qeyd edəcəyəm. Gələn ilin hər mənada xüsusi il olacağını gözləyirəm. Arzular, ümidlər, uğurlar, sevinclər yenilənsin. Sevdiklərimiz və sevənlərimiz bizimlə olsun. Hamının evində bayram hiss edilsin. Biz yeni ili gözəl qarşılayaq ki, o da üzümüzə xoş baxsın və ömrümüzə xoş gəlsin. Qarşıdan gələn yeni iliniz mübarək”.

Yazıçı Rövşən Yerfi:

“Yeni ildə hamıya, özümə ilk növbədə cansağlığı, könül xoşluğu və süfrəsində yetən qədər ruzi arzulayıram. Maliyyə imkanı olmadığından heç yerə getməyəcəyəm. Mənim üçün ən xoş, rahat, təhlükəsiz yer - 1970-ci ilin gecəqondusu olan ünvanımdı. Bayram günlərində çoxdan vaxt tapa bilmədiyim bir neçə kitabı mütaliə edəcəyəm, fikrimdə olan məqalə və esseni yazacağam, yanvarda çapı nəzərdə tutulan yeni kitabımın xəyalı ilə yaşayacağam. Kaş bu əhvalım dələduz adamların müdaxiləsi ilə korlanmasın, ilin sonunadək belə davam etsin”.

Yazıçı Fəxri Uğurlu:

“Heç bir xüsusi planım yoxdu, həmişəki kimi evdə qarşılayacam”.

Yazıç Elçin Hüseynbəyli:

“Mən bayramlar üçün xüsusi planlar qurmuram. Həmişəki kimi evdə olacam. Soydaşlarımızı, həmkarlarımızı yeni il münasibətilə təbrik edirəm. Düşərli olsun”.

Yazıçı Xanəmir Telmanoğlu:

“Bir ölkənin bütün insanlarını, daha doğrusu təbəqəsini bir araya gətirməyən, bir ritmə kökləməyən hadisəni bayram hesab etmirəm. Zamanla Qriqorian təqviminin yayılması nəticəsində “1 yanvar”  bir çox ölkələrdə rəsmi Yeni il kimi qəbul edilsə də, bu bayram həyatımıza rus dili kimi daxil olmuş  müşahidəmdir. Yeni il bayramını rus dilini, rusları bildiyimiz və tanıdığımız qədər hiss edib tanıya bilirik.

Millət olaraq istənilən bayram anlayışına uşaq düşüncəsinin, ovqatının nöqteyi nəzərindən baxırıq. İstənilən bayramın mahiyyətində uşaqlarımız qalır, gizlənir. Biz, bayramı uşaqların üzərindən özümüzə şamil edir, pirim yığırıq. Bayram adı altında uşaqlarımızı məharətlə kullana bilirik. Elə biləsən uşaqlar o bayram anlayışını bütövlükdə mənimsədikdən sonra, geriyə qalan artıq-urtuqlarını biz böyüklərə bağışlayırlar və biz də üsuli-ədəblə bu misilsiz mirası istifadə edirik. Yəni ölkəmizin bayram yarlığı uşaq şaqraqlığına bağlıdır. Olsun. Elə biləsən bayram təntənəsi süfrəylə daha çox bəxtiyarlıq yaradır. Bazarla, evdə bişiriləcək yer-yeməyin sayı, çeşitlilyi ilə müstəsnalıq təşkil etməlidir bayram. Oysa bayram anlayışının kökündə mənəviyyat və insan xilaskar əxlaqı üzərindən dünya dərki, sağlam insan kimliyinin bu dünyadakı aktı təqdirə şayandır.

Bu dünyanı biz türklər iki halda qəbul etmiş və beləcə bir dialoq qura bilmişik kosmosla-təbiətlə, bir bağlamda Allahla: (Altaylardan Balkanlara, Sibirdən Yaxın Şərqə qədər uzanan geniş Avrasiya coğrafiyasında) ya təbiəti isti halıyla bəyaz rəngində, ya təbiəti yaşıl rəngdə isti halıyla dialoqa, yaşama qatmışıq, həyatımıza, taleyimizə də eyni rəng və əhvalla dəvət etmişik.

Mən bu ölkədə bayram dadının qaçdığı qənaətindəyəm. Çünki iki sağlam insanın uzun müddət həmrəyliyindən doğan dirilik aşılayan ünsiyyətinə, dialoquna rast gəlmirəm. Üstəlik Azərbaycanın aydın, düşünür kəsimində belə bir vaqiəni heç görmürəm. Elə olmasaydı, yazarlarımız hətta sənətə belə yansıtdıqları xislətiylə indiki çağdaşlarını gözardı edib Niami, Məhsəti, Nəsimi, Füzuli, Cavid... ilə mətnsəl dialoqa girməzdilər. Həmrəylik, toplu sevinc əvəzinə, cəmiyyətə dağıdıcı, təkləyici, tənhalaşdırıcı bir ovqat gətirirsə, o bayramları antibayramlar olarq nitələndirmək istəyirəm.

Bu ölkənin insanları öz tənhalıq limitini də bitirmiş həddədir. İndi bizdən doymuş təklənmə, tənhalıq alqısı, qayıdıb öz qisasını cəmiyyətə fayda verə biləcəyi halda, əksinə, tərki-silah olunmuş fərdlərdən ləzətlə almağa başlayır.

Bayram oldu olmadı, planlar həmişə var. Bayramı da ailə üzvlərimlə birgə göylərə baş çəkən neft buruqlarının əhatəsində, yəni müqəddəs Sabunçu qəsəbəsində qarşılayacağıq”.

Yazıçı Aysel Fikrət:

“Yeni ili necə keçirərsən, ili də elə başa vurarsan. Çoxdandır ki, bu deyimi unutmuşdum. Bayram ərəfəsində sevdiyim dostlarımla görüşəcəm. Çalışacam  bu əhval-ruhiyyəni hər il olduğu kimi bu il də qoruyub saxlayım. Lakin ailədə süfrədə boşqabların sayı azaldıqca, yeni ilin də əvvəlki gözəlliyi, dadı qalmır. Böyüklər sağ-salamat olanda hər şey, əlbəttə, daha fərqli idi. Əvvəllər daha gənc olanda bu bayramın sevincini, fərəhini daha çox dadmışam. Sevdiyim bayramlardan biri olub. İndi isə məni ən çox həmin günü necə keçirmək yox, həmin ili necə yaşamaq düşündürür. Əvvəllər uşaqlar üçün hədiyyə almaq, küknar bəzəmək məni xoşbəxt edirdi. İndi də bu gözəllikləri mexaniki də olsa edəcəyəm, çalışaram çox darıxmayım. Bayramı övladlarım uzaqda təhsil aldıqlarından bu dəfə həyat yoldaşımla tək keçirəcəyik. Onlar məndən uzaqda olanda stimulum bir az azalır. Üzümüzə gələn ildə bütün qələm əhlinə yaradıcılıq nailiyyətləri, əsl qələm sahiblərinin gözəl əsərlərinin yazılmasını arzulayıram. Bir də yaradıcılıq aləmində möcüzələrin olmasını istəyərdim. Qoy bu yeni ildə hər bir yaradıcı fərd öz istedadının bəhrəsini görsün. İstər istedadlı, istərsə də istedadsız hər kəs öz pilləsində dursun. Bu mənim arzumdur. Çünki xaos məni yorub. Qələm dostlarıma yeni yaradıcılıq eşqi diləyirəm. Bu il uğurlu gəlsin, dostlar”.

Şair Əvəz Qurbanlı:

“Əvvəlcə onu qeyd edim ki, bayrama necə hazırlaşmaqdan və ya Yeni ili kimin harada qarşılamasından asılı olmayaraq, hər yeni təqvim ili özü-özlüyündə əlamətdar bir hadisədir. Çünki hər kəsin qarşıdan gələn ildən müəyyən gözləntiləri olur, yola saldığı ildə yaşadığı uğursuzluqlarla növbəti ildə bir daha üzləşməyəcəyinə ümid edir.

Bayram hazırlıqlarına gəlincə, açığı, vətəndaşlarımızın hazırkı sosial durumunu nəzərə alanda bayram süfrələrinin çox da zəngin olacağına inanmaq çətindir. Bu baxımdan ümumi mənzərə bir o qədər də ürəkaçan deyil. Yəni desək ki, ölkə başdan-başa bayram ab-havasına bürünüb, bu, reallığı tam əks etdirməz.

Bizim Yeni il ilə bağlı xüsusi ailəvi planımız yoxdur. Bayramı evdə, şəhərdə və ya qonaqlıqda qarşılaya bilərik. Əlbəttə, hamı kimi biz də yolka bəzəyəcəyik. Ancaq ümumilikdə Yeni il bizim üçün digər təqvim günlərindən ciddi şəkildə fərqlənməyəcək. Çünki təqvimimiz miladi olsa da, əsl Yeni ilimiz Novruz Bayramı ilə başlayır. Həqiqi bayram havası da məhz onda hiss olunur.

Yeni ildə xalqımıza sağlamlıq, əmin-amanlıq, firavan həyat, limitsiz kommunal xidmətlər, uşaqpulu və digər güzəşt və imtiyazlar arzulayıram”.

 

Yazıçı, şair Dalğa Xatınoğlu:

“Açığı bir qərar verməmişik. Havalar belə yağışlı, küləkli keçsə, çox güman ki yaxın qohumlarla birlikdə evdə qarşılayacağıq”.

 

Yazıçı Cavid Zeynallı:

“Yeni illə bağlı xüsusi planım, adətim yoxdur. Bayramlarda ya Cəlilabada gedirəm, ya da Bakıda oluram. Belə şeylərin mənim üçün heç bir xüsusi əhəmiyyəti yoxdur. Adi, sıradan gün kimi keçirirəm. Sadəcə uşaqların sevinci mənə öz uşaqlığımı xatırladır və xoşbəxt oluram”.

Oğuz Ayvaz,
Medianews.az

Bizə qoşulun