Medianews.az
Qaçaraq “pripiska”
46 baxış

Qaçaraq “pripiska”

Toylarımızda “Vağzalı” çalınması problemlərinin müzakirəsinə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə də qoşulmuşdur. Ziyad müəllim APA-ya intervüsündə bildirmişdir ki, toylarda mütləq “Vağzalı” ifa olunmalıdır.

İntervünün ümumi ruhundan belə başa düşdüm ki, toyda yad mahnıların çalınması uşaq artımına, qayınana-gəlin münasibətlərinə, ümumiyyətlə, kənd təsərrüfatı və ağır metallurgiya sənayesinin inkişafına da mənfi təsir edirmiş.

Doğrudan da, belədir. Məsələn, mənim yadıma gəlir, İsveç alimləri bir dəfə araşdırma aparmışdılar, inəklərin yanında cürbəcür musiqilər səsləndirmişdilər. Məlum olmuşdu ki, caza və Bethovenə qulaq asan inəklər az süd verir, Maykl Ceksonu dinləyən danalar dingildəyib örüşdən qaçır, yeganə olaraq Azərbaycan xalq musiqisinin və muğamatın altında otlayan mal-qara ildə 1000 ton süd verir. Bu müsbət üsul indiyəcən bütün dünyada tətbiq edilir.

Yeri gəlmişkən, NASA 1979-cu ildə kosmosa “Voyacer” gəmisini fırlatmışdır, onun içərisində Yer planetindən bəzi musiqilər zapis edilmiş qızıl disk də vardır ki, həmin diskə Eyyub Yaqubovun “Bakılı balasıyam” mahnısı... Zarafat edirəm, diskə bizim ünlü sənətkar Kamil Cəlilovun ifasında, qoboyda instrumental muğam parçası həkk edilibdir. Hərçənd, mən qorxuram uzaylılar o diski haçansa tapıb qulaq assalar Yer kürəsində davamlı olaraq hansısa matəm günü yaşandığını düşünsünlər və bizə qonaq gəlməsinlər.

Bəli, musiqi və iqtisadiyyat vacibdir, hələ əziz dostumuz Leonid İliçin 1970-ci illərdə belə afyorizmi məşhur idi: “Çörək olarsa, mahnı da olar”. Ya da tərsinə demişdi, “Mahnı olmasa çörək olmaz” şəklində. Açığı, mən belə məsəlləri həmişə qarışdırıram, bu dəqiqə də dəqiq bilmirəm ki, Tolstoy “Anna Karenina”da xoşbəxt və bədbəxt ailələr haqqında nə qırıldatmışdır. “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir” yazıb, yoxsa “bədbəxt ailələr bənzəyir, xoşbəxtlər fərqlənir” kimi. Çünki lazım gəlsə bunun ikisini də isbat edəcək onlarla ailə misal çəkərik. Yəni, pis çıxmasın, çox bambılı aforizmdir. Yeri gəlmişkən, biləsiniz, Lev müəllim mahiyyətcə əxlaqsız bir adam olub, tarlasında işlətdiyi kənd qadınlarını rəsmən zorlayırmış.

Qayıdaq mövzumuza. Mövzu isə budur ki, bizim milli media hansısa xəbəri yazanda rəqəmlərə, statistikaya, faktlara diqqətlə yanaşmalıdır. Yoxsa bilmirsən oxuduğun nədir. Misal üçün, 3 mayda Bakı marafonu keçirildi, özü də ilk dəfə olaraq yarımarafon (21 km) şəklində yox, tam marafon kimi, 42 kilometr olmaqla. Diqqət çəkən idman xəbərlərindən biridirmi? Yəqin ki. Ancaq bizim mediada bu necə çatdırıldı?

Biabırçı şəkildə. Detallara çox toxunmuram, marafonla, idmanla maraqlananlar özləri temanı bilir, geniş oxucu kütləsi üçün isə maraqlı olacağını zənn etmirəm. Yalnız 1 faktı qeyd edirəm: yarışın qaliblərinin adları var, ancaq onlar 42 kilometri nə qədər vaxta qaçıblar, bu haqda bir cümlə də tapmaq mümkün deyil! Heç bir saytda bu yox idi! Hətta tədbirin rəsmi saytında yalnız 2025-in qalibi haqqında yazılmışdı, sanki saytı təzələmək çox çətin imiş.

Marafonu hansı müddətə qaçmaq isə bu yarışın mühüm detalıdır. Adətən dünyanın əksər şəhərlərində 2 saatdan bir qədər yuxarı müddətə qaçaraq qalib olurdular, bu yaxında London marafonunda rekord qeydə alınmışdı, keniyalı idmançı ilk dəfə 1 saat 59 saniyəyə finişə yetmişdi.

Bakı marafonunun qalibi necə göstəriciyə malikdir? Hazırda biz bu dövlət sirrini bilmirik. Bəlkə 5 saata qaçıb? Bəlkə hələ yolda olanlar var? Bunu zarafat üçün yazmıram, çünki əksər dünya marafonlarında vaxt limiti qoyulur: elita, peşəkar idmançılar 42 kilometri 2 saat 5 dəqiqə ərzində (kişilər), qadınlar 2 saat 20 dəqiqəyə qaçmağa, bir növ, borcludur. Qaçış həvəskarları və qeyri-peşəkarlar – bir növ, “yoldan keçənlər” üçünsə müddət 3, 4, 6 saat arası dəyişir.

O cümlədən, bütün özünə hörmət edən turnirlərdə marafona qoşulanlarla yanaşı, finişə yetişənlərin statistikası da açıqlanır. Bakı marafonunda bu da məlum deyil.

Zamin HACI 

Bizə qoşulun