Prezident İlham Əliyev dekabrın 29-da Elxan Oqtay oğlu İbrahimovu Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Elxan İbrahimov vəzifəyə noyabrın 12-də təyinat almışdı və cəmi 47 gün sonra postdan götürülüb.
Medianews.az bildirir ki, Prezident İlham Əliyev noyabrın 12-də Elxan İbrahimovu, həmçinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndə, Balakən, Göyçay, Qax, Göygöl, Kürdəmirə icra başçısı təyin olunmuş şəxsləri qəbul edib tapşırıqlar vermişdi: “Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz.
Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın”.
Elxan İbrahimov həmin toplantıda bunları demişdi: “Möhtərəm cənab Prezident, bizə belə yüksək etimad göstərdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm və söz verirəm ki, bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Təşəkkür edirəm”.
Üstündən 47 gün keçəndən sonra Elxan İbrahimov vəzifədən çıxarıldı.
Medianews.az qeyd edir ki, Elxan İbrahimov 18 fevral 2022-ci ildən 12 noyabr 2025-ci ilədək Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olub.
1982-ci il təvəllüdlü Elxan İbrahimov Azərbaycan Kooperasiya Universitetinin bakalavr, magistratura səviyyələrini bitirib, həmçinin Stokholm İqtisadiyyat Məktəbində, Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
Azərbaycan Kooperasiya Universitetinin müəllimi olub, müxtəlif biznes qurumlarında rəhbər vəzifələrdə çalışıb, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini postunu tutub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.