Medianews.az
Nə udan var, nə uduzan –
56 baxış

Nə udan var, nə uduzan – savaşa qatılan dövlətlərin hamısı xərcə düşüb

Ötən ilin iyununda olduğu kimi, bu ilin bu ayında da İran və ABŞ-İsrail cütlüyünün arasındakı savaşın nəticələri barədə rəylər haçalanıb.

Düzdür, müharibə hələ bitməyib, amma səngiyib və tərəflərin onu davam etdirməyə həvəsli olmadığı, sülh sazişi olmasa da, sürəkli atəşkəs sazişi imzalamağa meylli olmaları sezilir.

Rusiya, İran və Türkiyə mediasında görə, İran bu müharibədə qalib gəlib, ABŞ uduzub.

ABŞ və onun ənənəvi müttəfiqlərindən ibarət “dar dairə”yə daxil ölkələrin mətbuatı isə müharibədə ABŞ-nin qalib gəldiyini iddia edən Trampın sözlərini gen-bol tirajlayırlar. Oradan da bu sözlər dünya mediasına çıxır.

İsrail mediası məsələyə nisbətən soyuqqanlı və pafossuz yanaşır, İranın hərbi potensialının ciddi zədə aldığını, ancaq müharibənin bitmədiyini yazır. İsrail hesab edir ki, İrandakı molla rejimi siyasi arenadan tam çəkilməyincə, İran nüvə silahı əldə etmək niyyətindən birdəfəlik vaz keçməyincə, “İrana mart hücumu”nu öz məqsədinə çatmış hesab etmək olmaz.

Bəs həqiqət necədir? Məşhur ifadə elə desək, “bu oyunda kim uduzdu, kim uddu”?

Həqiqət bundan ibarətdir ki, İran keçən ayın bu günündə olduğu qüdrətdə deyil, xeyli zəifləyib, sarsılıb. Ölkəni faktiki olaraq idarə edən şəxslər, hakimiyyət iyerarxiyasında birinci, ikinci, üçüncü pillələri tutanlar, eləcə də yüksək vəzifəli generallar öldürülüb, ölkənin əksər strateji obyektləri, hərbi-sənaye müəssisələri məhv edilib, iqtisadiyyat çöküb, milli valyuta a4 kağızından ucuz olub, logistika zənciri qırılıb, hakim dairələr olan-qalan nüfuzlarını itiriblər və hakimiyyəti SEPAH avtomatçılarının gücüylə saxlayırlar və s. və i.s.

Bunlardan sonra necə “İran qalib gəldi” demək olar? Ölkə bir neçə yüz milyard zərərə düşüb və dağılanların bərpası üçün, Trampın hesablamasına görə, azı 10 il vaxt lazımdır.

Hərçənd İranın özündə hesab edirlər ki, ölkənin ərazisi işğal olunmayıbsa, hakimiyyət devrilməyib və təslim olmayıbsa, dövlətə dəymiş zərər məğlubiyyət deyil, xərcdir və 90 milyon əhalisi olan ölkə bu ziyanın altından qısa müddətdə qalxa bilər.

Bu məsələdə iranlılar haqlıdır. Əsas məsələ ölkənin ərazisinin işğal olunmamasıdır. Hazırda İranın ərazisi son metrinə qədər özündədir, hətta Fars\Ərəb körfəzindəki adalar üzərində də nəzarəti davam edir. ABŞ və İsrail İranın ərazisinə hərbi müdaxilə etməyə cəsarət etmədilər. Bu, onların qorxaqlığına yox, hesablamalarının məntiqinə dəlalət edir. Onlar İrandan sağ və qalib çıxa bilməzdilər.

Yeri gəlmişkən, təkcə bu fakt göstərir ki, İrana nüvə silahı lazım deyilmiş. Bir halda ki, dünyanın ən qüdrətli iki ölkəsi, iki nüvə dövləti köməkləşdikləri halda belə İran ərazisinə quru hücumu etməyə cəsarət etmədilər, o zaman daha hansı ölkə İrana hücum edərək, onun ərazisini tutmaq, xalqına təhlükə törətmək fikrinə düşə bilərdi?

İndiki dövrdə istənilən orta boylu dövlət (bir neçə milyon əsgər səfərbər etməyə qadir olan ölkə) ən qüdrətli dövlətlə belə aylarla savaşa bilər. Çünki ona mütləq kömək edən dövlətlər də tapılacaq. Bunu 4 ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsinin nümunəsində görürük.

Nüvə silahı İrana hücum, aqressiya məqsədi ilə, regionun şəriksiz ağasına çevilmək daha böyük, vassal-massalı imperiya olmaq üçün lazımdır. Təsəvvür edin, nüvə silahına malik olan İran bir gün “öz tarixi torpaqlarını qaytararaq, ədaləti bərpa etmək” fikrinə düşsə, Türkiyə ona mane ola bilərdimi? Çətin.

ABŞ-nin “qalibiyyəti”nə gəlincə, Vaşinqton Vyetnam müharibəsindən sonra ilk dəfədir öz hərbi potensialını bu miqyasda tükədir. Düzdür, Əfqanıstanın işğal altında saxlanması zamanı ABŞ trilyonlarla vəsait xərcləyib, ancaq bu 20 il ərzində olub. Hazırkı 29 gün ərzində isə ABŞ qiyməti milyardlarla dollar həcmində ölçülən silahlarını İrana yağdırdı. Bu, İrana böyük zərər yetirdisə də, İranı tərksilah etmək, onun nüvə silahından imtinasına nail olmaq hələ mümkün olmayıb.

Hazırda İran dəvədən yıxıldığına baxmayaraq, ona “höt-höt” deyə əmrlər verən bədəvi ərəbin durumundadır, ancaq “ABŞ təslim olsun”, “təzminat ödəsin”, “bölgədən rədd olsun”, “bir daha bizimlə işi olmasın” kimi şərtlər diktə edir. Dövlət böyrü üstə qalıb, amma təkəbbürü zədələnməyib.

Ən qəribəsi odur ki, “sahibi yıxılmış dəvə”nin – İran dövlətinin noxtası hələ də yıxılı sahibin - SEPAH-ın əlindədir və “dəvə” ona itaət edir.

Bir sözlə, İran müharibəsinə aktiv şəkildə qoşulmuş ölkələrdən heç biri qalib gəlməyib, hamısı böyük ziyana düşüb. Bu müharibədən udan ölkələrə gəlincə isə, onlar da var. Rusiya və Çin İrana qarşı savaşdan xeyli faydalandırlar.

Xalid Kazımlı 

Bizə qoşulun