Böyük Britaniya Silahlı Qüvvələri ölkə ərazisindəki xüsusi poliqonlarda Rusiya ilə potensial silahlı münaqişə ssenariləri üzrə intensiv hazırlıqlara başlayıb.
Medianews.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Britaniya ordusunun ən böyük piyada alayının əsgərləri Uiltşir qraflığındakı Solsberi düzənliyində yerləşən “Copehill Down” poliqonunda təlimlər keçir.
Təlimlər üçün Ukraynadakı döyüş meydanlarını xatırladan, dağıdılmış kiçik bir şəhər mənzərəsi simulyasiya edilib.
Məlumata görə, hərbçilər binalarda gizlənmiş düşmən qüvvələrinin zərərsizləşdirilməsi və şəhər daxili döyüş taktikalarını məşq edirlər. Britaniya komandanlığı bu təlimlərin Şərqi Avropada mümkün hərbi əməliyyatlara hazırlıq məqsədi daşıdığını bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Britaniya Baş Qərargah rəisi ordunun genişmiqyaslı münaqişəyə tam hazır olmadığını etiraf etmişdi.