Medianews.az
MSK-nın tərkibi dəyişdirilir -
252 baxış

MSK-nın tərkibi dəyişdirilir - TƏFSİLAT

Sonuncu parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyaları yenidən formalaşdırılmayıb. Qanunun tələbinə görə, parlamentin yeni tərkibinə uyğun seçki komissiyaları bu ilin aprelində formalaşdırılacaq.

Qeyd edək ki, 2024-cü il sentyabrın 1-də seçilmiş Milli Məclisdə 11 partiya təmsil olunur. Yeni Azərbaycan Partiyasının 67, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ədalət, Hüquq, Demokratiya Partiyasının 2, Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının 1 mandatı var. YAP-ın deputatı Ramil Həsənlinin başqa vəzifəyə keçməsinə görə mandatına xitam verildiyi üçün deputat mandatının sayı 68-dən 67-yə düşüb. Partiyasız şəxslər isə 44 mandata sahibdir. Qanuna görə, MSK-da 6 yeri parlamentdəki çoxluqda olan partiyanın, 6 yeri azlıqda olan partiyaların, 6 yeri partiyasız deputatların təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.

Hazırda MSK-da Yeni Azərbaycan Partiyasının nümayəndələri Məzahir Pənahov (sədr), Rövzət Qasımov (sədr müavini), Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova və Hüseyn Paşayev, azlıq partiyalarının nümayəndələri Mikayıl Rəhimov (katib), Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev və İlkin Şahbazov, partiyasız deputatların nümayəndələri Arifə Muxtarova (katib), Fuad Cavadov, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov və Nailə Əsgərovadır. Məzahir Pənahov MSK-ya 2000-ci ildən sədrlik edir.

Musavat.com-un xəbərinə görə, aprel ayında formalaşdırılacaq seçki komissiyalarında 1 sentyabr seçkilərində parlament təmsilçliyi qazanan Milli İstiqlal Partiyası və Böyük Azərbaycan Partiyasının da nümayəndələri təmsil olunacaq. MSK-nın tərkibində dəyişikliklər olacaq. Hazırkı üzvlərin bəziləri, xüsusilə YAP-ı və bitərəfləri təmsil edənlərin əksəriyyəti bu dəfə MSK üzvlüyünə təqdim edilməyəcək və onların əvəzinə yeni şəxslər təqdim ediləcək. Parlamentdə yeni təmsilçilik qazanan iki partiyadan biri olan AMİP-in MSK-da təmsil olunacağı da daxil olan xəbərdə qeyd edilir.

Bizə qoşulun