Medianews.az
Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynova
329 baxış

Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynova TÖHMƏT VERİLDİ

Dekabrın 11-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) iclası keçirilib. 

Partiyadan Medianews.az-a verilən məlumata görə, MNTK üzvləri dekabrın 8-də “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda parlamentdə keçirilmiş konfrans zamanı VHP-dən olan millət vəkili, Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynovun partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsib, onun fikrini tamamlamasına imkan yaratmaması ilə bağlı rayon təşkilatlarından və partiya fəallarndan daxil olan müraciətləri müzakirə ediblər.

MNTK sədri Zeynal Fətulla deyib ki, daxil olan müraciətlərdə VHP üzvü olan deputatın iclasda aparıcılığından sui-istifadə edərək partiya sədrinə qarşı bu cür davranışının etik və siyasi baxımdan yolverilməz olduğu bildirilir və Rafael Hüseynov haqqında tədbir görülməsi tələb edilir.

Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri məsələ ətrafında çıxış edərək bildiriblər ki, VHP sədri Sabir Rüstəmxanlının Azərbaycan cəmiyyətində yüksək ictimai-siyasi, ziyalı mövqeyi, nəzərə alınmadan atılan bu addım həm partiyanın nüfuzuna, həm də ümumilikdə siyasi mədəniyyətə xələl gətirir. 

İclasda vurğulanıb ki, Milli Məclisin Terminologiya komitəsinin üzvü, Azərbaycan Dil Qurumunun başqanı, partiya sədri və Xalq şairi olmaqdan əlavə bütün ömrünü dilimizin qorunmasına sərf etmiş Sabir Rüstəmxanlıya qarşı bu hörmətsizlik partiyanın parlamentdəki təmsilçisi olan Rafael Hüseynovun ciddi səhvidir. 
MNTK partiya Nizamnaməsinin 9.2-ci maddəsinə əsasən, Ali Məclisin üzvü Rafael Hüseynova töhmət elan edilməsi barədə qərar qəbul edib.


Medianews.az xəbər verir ki, bu qərarın ardınca VHP Siyasi Şurasının da iclası keçirilib. Bu iclasda da Rafael Hüseynovun Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsi hadisəsi müzakirə edilib. Siyasi Şura Mərkəzi Nəzarət-Təftiş Komissiyasının Rafael Hüseynova töhmət elan etməsini məsələnin partiya daxilində həllini tapması kimi qiymətləndirib və bununla məsələni qapanmış hesab edib. Eyni zamanda Rafael Hüseynova gələcəkdə bu kimi məqamlarda partiya mənsubiyyətini diqqətə alması və bir daha belə hallara yol verilməməsi tapşırılıb.

Qeyd edək ki, VHP-nin parlamentdə 3 mandatı var. Partiyadan olan digər deputatlar Tənzilə Rüstəmxanlı və Fəzail İbrahimlidir.

Medianews.az

Bizə qoşulun