Dünyanın ən məşhur hip-hop festivallarından biri hesab olunan Rolling Loud festivalında baş verən təhlükəli hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Festival iştirakçılarından biri izdihamın üzərinə zibil qutusu ataraq çaxnaşmaya səbəb olub.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, mobil telefonla lentə alınan görüntülərdə şəxsin böyük zibil qutusunu qaldıraraq insanların toplandığı əraziyə atdığı görünür.
Hadisədən sonra festival iştirakçıları təşviş içində qaçmağa başlayıblar.
Məlumata görə, zərbənin təsirindən gənc bir qadın yerə yıxılıb və qısa müddətə huşunu itirib. Ətrafdakı insanların panika içində qaçdığı anlar da videoda əks olunub.
Hadisədən sonra təhlükəsizlik əməkdaşlarının dərhal müdaxilə etdiyi bildirilib. Lakin insident nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Sosial mediada yayılan görüntülərdən sonra festival təhlükəsizliyi yenidən ciddi müzakirə mövzusuna çevrilib. İstifadəçilər belə tədbirlərdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.