Medianews.az
“Mənə qarşı təxribat törədilir” - Məşhur general yeni
109 baxış

“Mənə qarşı təxribat törədilir” - Məşhur general yeni FAKTLAR AÇIQLADI

“Sosial şəbəkədə mənə qarşı təxribat xarakterli video yayılıb”.

Medianews.az  xəbər verir ki, bunu Azərbaycan Ordusunun ehtiyatda olan general-mayoru, müdafiə nazirinin keçmiş müavini, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Altay Mehdiyev bildirib.

Generalın sözlərinə görə, məqsəd onu gözdən salmaqdır:

“Mənə elə gəlir ki, kiminsə “Facebook”da mənim hərbi geyimimə Rusiya ordusuna məxsus nişanlar, hərbi formanın digər elementlərini əlavə etməklə xalqımıza göstərməkdə məqsədi məni dövlətimizin suverenliyinə, təhlükəsizliyinə, ərazi bütövlüyünə qarşı hərəkət etmiş şəxs kimi göstərmək istəyir. Həmin şəxsin kim olduğunu, kimə xidmət etdiyini, kimin tapşırıqlarını yerinə yetirdiyini bilmirəm və bilmək fikrində də deyiləm.

1992-93 cü illərdə Ağdamda, 1993-94 cü illərdə Tərtərdə, 1994-97-cı illərdə Beyləqan-Fizulidə, 1998-2009-cü illərdə Naxçıvan Muxtar Respublikasında və 2009-2013-cü illər ərzində Hərbi Hava Qüvvələrinin komandanı - müdafiə nazirinin müavini vəzifələrində xidmət etmişəm. Bütün bu müddət ərzində rəhbərliyim altında xidmət edən əsgər və zabitlərimiz, ümumilikdə bütün xalqımız məni gözəl tanıyır!

Kimin vətənpərvər, kiminsə vətən xaini olduğunu aşağıda göstərdiyim faktlarla qiymətləndirməyi bir daha xalqımın öhdəsinə buraxıram.

Fakt 1: 16 iyun 1993-cü il tarixində Müdafiə Nazirliyinin tərkibində yaradılan Cəbhə Qərargahına, 21 iyun 1993-cü ildə Cəbhə komandanının Ağdam istiqaməti üzrə müavini vəzifəsinin icrasına başladım. İlk andan Ağdamın o zamankı təmas xətti boyu yerləşən bütün bölmələrinin taktiki durumuna, müdafiənin təşkilində olan problemlərə, döyüş hazırlığının səviyyəsinə nəzarət edərək müvafiq tədbirləri həyata keçirdim. Onu da xatırladım ki, 1992-ci ilin fevral-dekabr aylarında Ağdamda yerləşən 708 saylı tank briqadasının qərargah rəisi vəzifəsində çalışdığımdan, bütün problemləri çox asan yolla həll etməyə qadir idim.

8 iyul 1993-cü il tarixində Cəbhə Qərargahında keçirilən toplantıda Ağdamda müdafiənin təşkilində problemlərin olduğunu, müdafiəni gücləndirmək məqsədilə əlavə tədbirlərin görülməsinə ehtiyac duyulduğunu məruzə etdikdə, Cəbhə komandanlığı məni “panikyor” adlandıraraq nəinki icra etdiyim vəzifədən, ümumiyyətlə ordudan uzaqlaşdırdı.

Fakt 2: 23 iyul 1993-cü ildə Ağdam işğal olunandan 6 gün sonra - 29 iyul 1993-cü ildə məni ən çətin istiqamətdə, Tərtərdə döyüş tapşırığı yerinə yetirən 703 saylı hərbi hissənin komandiri - Gəncə qarnizonunun rəisi vəzifəsinə təyin etdilər.

Məlumat üçün bildirim ki, 1993-cü ilin dekabr - 1994-cü ilin yanvar aylarında Müdafiə Nazirliyi tərəfindən keçirilən “Murovdağ qış əməliyyatı” zamanı döyüş tapşırıqlarının uğurla nəticələnəcəyinə əvvəlcədən şübhə ilə yanaşan bütün səviyyəli komandirlər, döyüşün gedişində düzgün qərar qəbul etmək imkanları olmadığından böyük uğursuzluqlarla üzləşdilər.

Çünki əməliyyatı planlaşdıran Müdafiə Nazirliyinin yüksək vəzifəli zabitləri dəniz səviyyəsindən 2500-3500 metr yüksəklikdə, sərt qış şəraitində keçirilən bu əməliyyatda strateji məqsəd deyil, qısa müddətdə müvəqqəti qələbə qazanmağı hədəfləmişdilər. Məhz bu səbəbdən “Murovdağ əməliyyatı” uzunmüddətli perspektivdə ağır itkilərlə və dözülməz uğursuzluqlarla nəticələndi.

“Murovdağ əməliyyatı”nda iştirak edən hissə və bölmələrimizi düşdükləri ağır vəziyyətdən çıxarmaq məqsədilə, 1993-cü ilin dekabr ayında müdafiə nazirindən xəbərsiz, öz qərarımla bir neçə istiqamətdə düşmən nəzarəti altında olan yaşayış məntəqələrimizə hücuma keçdik. Nəticədə düşmən qüvvələrini darmadağın etməklə Suquvuşan (Madaqiz), Çardaqlı (Maqavuz), Akop-Komari yaşayış məntəqələrini və ən əsası Ağdərə şəhərini azad etdik!

Bütün bu faktlar ingilis jurnalisti Tomas de Vaalın “Qara bağ: Ermənistan və Azərbaycan sülh və müharibə arasında” kitabında da təsdiqini tapır. Ermənistan Prezidenti Ter-Petrosyan xatırlayır: “1993-cü ilin dekabrında şiddətli döyüşlər yenidən başladı. Bundan sonra Azərbaycan üç cəbhədə hücuma keçdi. Dağlıq Qarabağın şimal-şərqində baş verən hücum erməniləri Mardakert (Ağdərə) rayonunun bir sıra kəndlərini tərk etməyə məcbur etdi”.

Lakin Müdafiə Nazirliyinin rəhbərliyi məlumat alan kimi, müharibə qanunlarına uyğun olaraq həmin istiqamətdə hücumu davam etdirməyimizə kömək etmək əvəzinə, məni briqada komandiri vəzifəsindən uzaqlaşdırdı və azad etdiyimiz torpaqlar qısa zamanda düşmənə "təhvil verildi". 7 fevral 1994-cü ildə isə Müdafiə nazirinin əmri ilə tutduğum vəzifədən azad edilərək başqa briqadaya, aşağı vəzifəyə təyin olundum.

Onu da xalqıma xatırlatmağı özümə borc bilirəm ki, ordumuzda xidmət etdiyim bütün müddət ərzində qanunsuz olaraq dörd dəfə tutduğum vəzifədən azad edilib aşağı vəzifəyə təyin olunmuşam. Bir sözlə, bir addım irəli getdikdə, iki addım geriyə getməyə məni məcbur ediblər. Bütün bunlara baxmayaraq, general-mayor rütbəsinə (beş ilə yaxın general-leytenant vəzifəsində xidmət etməyimə baxmayaraq), Hərbi Hava Qüvvələrinin komandanı - müdafiə nazirinin müavini vəzifəsinə qədər ucalmışam!

Fakt 3: 2009-2013-cü illər ərzində Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı vəzifəsində xidmət etdiyim dövrdə, 2011-ci ildə Rusiyanın "Rosoboronexport" şirkəti tərəfindən HHQ-yə təhvil verilməli olan S-300 Zenit-Raket Kompleksinin (ZRK S-300) qəbulu ilə bağlı yaradılan komissiyanın sədri təyin olunmuşdum.

ZRK S-300-ün təhvil-təslimi ilə bağlı aktın iki gün ərzində bütün komissiya üzvləri tərəfindən imzalanmasına baxmayaraq, apardığım araşdırmalar nəticəsində aydın oldu ki, kompleks nasaz vəziyyətdə olduğundan döyüş tapşırığı yerinə yetirməyə qadir deyil və bizə verilməli olan ehtiyat hissələrinin 10 milyon dollarlıq hissəsi təhvil verilməyib. Məhz bu səbəbdən aktı imzalamaqdan imtina etdim.

Kompleksi qəbul etməyimlə bağlı mənə olan bütün təzyiqlərə (sabiq Müdafiə naziri general-polkovnik Səfər Əbiyevdən başqa) baxmayaraq, ehtiyat hissələri tam təhvil verilməyənə və kompleks döyüşə tam hazır olmayana qədər, iki il müddətində aktı imzalamadım və sistem qəbul edilmədi.

Fakt 4: Qeyd etmək istəyirəm ki, 1984-cü ildə raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş, Hind okeanı regionunda 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verən Qəbələ Radiolokasiya Stansiyası (Qəbələ RLS) da 2013-cü ilin fevral ayında rəhbərliyim altında Rusiya Federasiyasından təhvil alınmışdır.

Rusiya Federasiyası nümayəndələrinin stansiyanın təhvil-təslimi üçün doqquz ay vaxt tələb etmələrinə baxmayaraq, təklif etdiyim plana uyğun olaraq proses 2013-cü ilin 4-27 fevral tarixlərində - 23 gün ərzində, Rusiyanın deyil, Azərbaycan Respublikasının maraqları daxilində müvəffəqiyyətlə başa çatdırılmışdır.

Bildirirəm ki, belə faktları yüzlərlə göstərə bilərəm. Bir sözlə, ordumuzda xidmət etdiyim bütün müddət ərzində mənə qarşı törədilən haqsızlıqlara baxmayaraq, əldə etdiyimiz nailiyyətlər sayəsində hərbi borcumu şərəflə yerinə yetirmişəm. Kollektivi başqalarının fikirləri ilə deyil, aldığım yüksək təhsil və təcrübə əsasında, yalnız ədalət uğrunda mübarizə aparmaqla idarə etmişəm və doğma Vətənimizi qorumaq ideyasına xidmət etmişəm.

Rəhbərliyim altında keçirilən bütün tədbirlərin uğurlu nəticələnməsinin əsas amili şəxsi heyətin qərarlarıma olan inamı idi. Mənə qarşı təzyiq göstərənlərdən və cinayət xarakterli hərəkətlərə yol verənlərdən fərqli olaraq, taleyimi daima kollektivin taleyi ilə bir tutmuşam. Bu günə qədər zabit şərəfimi, daxili ləyaqətimi və təmiz vicdanımı saf şəkildə qoruyub saxlamağı bacarmışam!”.

Bizə qoşulun