Medianews.az
 "Belə gedişini sənə bağışlamayacam…" -
356 baxış

"Belə gedişini sənə bağışlamayacam…" - Könül Vəlibəylinin ölümündən yazdılar...

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yağında üç nəfər həlak olub. Yanğında həlak olan 1983-cü il təvəllü Samir Kamal oğlu Məmmədov sözügedən binanın komendatıdır. Samir Məmmədov komendant olmaqla yanaşı, yanğın baş verən binada yaşayıb. Bundan başqa, yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, və Bakı Milli Geyim Evinin 48 yaşlı rəhbəri Hümbətova Könül Vəlibəy (Vəlibəyli) qızı da həlak olub.

Sosial mediada faciəvi şəkildə həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli ilə bağlı onun yaxınları paylaşımlar edib.

Sözügedən paylaşımları təqdim edirik.


Məşhur aparıcı Xədicə Sənanqızı Könül Vəlibəyli ilə bağlı bunları yazıb: "Bu xəbəri yazmaq ürəyimi parçalayır… bizim çox sevdiyimiz, işinə və insanlara işıq saçan, inanılmaz dərəcədə pozitiv və həyat dolu bir insan — modelyer-dizayner Könül Vəlibəyli faciyə nəticəsində aramızdan getdi.Könül çox saf, çox mərhəmətli və həqiqətən də nur saçan bir insan idi. Onun gülüşü, pozitiv enerjisi, insanlara verdiyi istisi hamımızın yaddaşında qalacaq. Həyatı sevən, ətrafına sevgi yayan insanlar bu dünyada çox az olur… və o, onlardan biri idi. Onunla bu il səmimi münasibətimiz yarandı. O, “Muğam” layihəsində mənim üçün hazırladığı libaslarla təkcə məni bəzəmirdi… hər tikişi, hər detalı ilə sanki ruhuma da toxunurdu. Onun əllərində yaranan hər bir geyim sevgi ilə, işıqla, zərifliklə yoğrulmuşdu...........

Ruhu şad olsun. Qoy işığı heç vaxt sönməsin.

Sən həmişə ürəyimizdə olacaqsan, Könül… “Dostlar, xahiş edirəm, hamınız Ləman üçün dua edin. O hazırda xəstəxanada həyatla mübarizə aparır. Allah onu bizə bağışlasın, canına qüvvə versin".


Kanadada yaşayan azərbaycanlı jurnalist Lalə Musaqızı da sözügedən faciəvi hadisə ilə bağlı paylaşım edib: "Heç inanmağı gəlmir adamın. Pozitiv, həyat dolu idi Konul Vəlibəyli... Onunla danışandan sonra istəyirdin ki, qollarını çırmalayıb dayanmadan işləyəsən. Toyumuzda milli paltarları bizə hədiyyə etmişdi, qızımın və oğlumun ilk milli paltarını o tikmişdi... Gözəl İnsan. Səninlə baqli keçmişdə danışmaq çətindir. Allah balana şəfa versin, sağ-salamat sənin yarımçıq qoyduğun işləri davam etdirsin".

Tanınmış aparıcı Saleh Bağırov da Könül Vəlibəylinin ölümü ilə bağlı danışıb:

"Dəhşətlər içindəyəm....

Bu gün gündüz saat 3:00 da Könül Vəlibəyli ilə görüşdük...Mənim üçün hazırladığı iki yeni pencəyin son tamamlama işlərini gördü, bir-iki günə təhvil verəcəyini dedi....

Milli Geyimlərimizin inkişafı üçün çox işlər gördün.

Ayın 25 də Türkiyə səfərə hazırlaşdığını və 2026 cı ilə olan böyük planlarından həvəslə danışdı.

Dedik, güldük, həmişəki pozitivlə ayrıldıq....

Xatirimdə həmişə o gözəl təbəssümünlə, əsl insanlığınla qalacaqsan...

Sən nə qərib və dəhşətsən a dünya....

Ruhun şad olsun istedadlı, gözəl, təmənnasız, böyük ürəkli dostum..."


Daha bir paylaşımı isə tanınmış televiziya aparıcısı Jalə Həsənli edib: "Mənim gülərüzüm, mənim həyat dolu Keşam, mehribanım, qayğıkeşim, şirindilli Könülüm, canım qızım deyə məni əzizləyənim, hamının sevgisini, rəğbətini qazanan, əzizim, bizi elə yandırdın ki…Bu nə ölüm idi? Bayaq efirdə oxudum ki, yanğında həlak olanlar var. Nə biləydim ki, onlardan biri də sənsən? Allah gül Ləmanı bizə bağışlasın. İnşallah sənin yarım qalan arzularını o tamamlayacaq.

Sənin üçün çox darıxacam, Könül, çox…

Qeyd: Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli bu gün Yasamal rayonunda baş verən yanğın zamanı tüstüdən zəhərlənərək həlak olub. Qızı Ləmanın müalicəsi isə davam edir. Vəziyyəti orta-ağır qiymətləndirilir. İnşallah, dualarımızla Allah Ləmanı doğmalarına bağışlayar".


Həlak olan Könül Vəlibəylinin yaxın rəfiqəsi olan tanınmış jurnalist Xəyalə Rəis isə sosial media hesabında bunları yazıb:

"Bu gün həyatımın ən böyük şokunu yaşatdın mənə. Cəmi yarım saat əvvəl danışıb gülmüşdük. Yaşadığın binanın yandığını görəndə dəfələrlə zəng etdim, amma cavab vermədin. Yanğından çıxarılanları Kliniki Tibbi Mərkəzə apardıqlarını dedilər. Səni orda təxliyə olunanların arasında axtardım, çox axtardım sən orada deyildin. Dedilər binadan üç cəsəd çıxıb: ikisinin kimliyi müəyyənləşib, biri isə naməlumdur. TƏBİB-in mətbuat katibi Hicranə xanım naməlum şəxs “ 40-45 yaşlarında xanımdır”- deyəndə əlim-ayağım keyidi. O sən idin….

Bacınla - qardaşın “Könülü tap” deyəndə, o naməlum şəxsin sən olduğunu demək mənim üçün necə ağır oldu bir bilsən. Gözün kimi baxdığın balanın da vəziyyəti ağırdır, Könül. Barı onu özünlə aparma. 

Sənin üçün darıxacam….

Belə gedişini də sənə bağışlamayacam…".

Qeyd edək ki, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər həyatını itirib, 20-dən çox şəxs tüstüdən zəhərlənib. Məlumat üçün onu da qeyd edək ki, yanğında dünyasının dəyişən Könül Vəlibəyli Hümbətova yazıçı Qan Turalının keçmiş həyat yoldaşı olub.

Nailə Qasımova
Medianews.az

Bizə qoşulun