Medianews.az
“Kapital Bank” icazəsiz vətəndaşların şəxsi məlumatlarına daxil olur?
57 baxış

“Kapital Bank” icazəsiz vətəndaşların şəxsi məlumatlarına daxil olur?

“Kapital Bank”ın vətəndaşların “myGov” platformasındakı şəxsi məlumatlarına icazəsiz çıxış etməyə cəhd göstərdiyi bildirilir.

Bu barədə Musavat.com-a şikayətçi müraciətləri daxil olub.

Müraciətlərdə qeyd olunur ki, vətəndaş banka hər hansı müraciət etmədiyi halda onun məlumatlarının yoxlanılması üçün “myGov” sistemi üzərindən icazə sorğusu göndərilib.
Şikayətçilərdən biri – Məmməd Abdullayev qeyd edir ki, hazırda “Kapital Bank”ın müştərisi deyil. Buna baxmayaraq, ona “myGov.az” portalından “Kapital Bank məlumatların yoxlanılması üçün razılıq istəyir” məzmunlu bildiriş daxil olub.

“Telefonuma bildiriş gəldi ki, “Kapital Bank” sizin məlumatlarınıza daxil olmaq istəyir – icazə verirsiniz, yoxsa yox? Halbuki mən banka bununla bağlı heç bir müraciət etməmişəm və hər hansı sorğu göndərməmişəm.

Adətən kredit götürərkən bankın kredit mütəxəssisi məlumatlara çıxış üçün razılıq istəyir. Bundan sonra ‘myGov’dan təsdiq bildirişi gəlir. Amma bu dəfə mən nə kredit üçün müraciət etmişəm, nə də bankla hər hansı əlaqəm olub. Belə olan halda, müraciətim olmadan bankın “myGov” hesabıma giriş üçün sorğu göndərməsi sual doğurur”, - deyə vətəndaş bildirib.

Şikayətçi hesab edir ki, vətəndaşın xəbəri və müraciəti olmadan belə sorğuların göndərilməsi şəxsi məlumatların təhlükəsizliyi baxımından ciddi narahatlıq yaradır.
Musavat.com mövzu ilə bağlı “Kapital Bank”a sorğu ünvanlayıb.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Musavat.com-a açılamasında bildirib ki, vətəndaşın müraciəti yoxdursa, bankın “myGov.az” hesabına daxil olmaq marağı olmamalıdır:

“Vətəndaş hətta bankın müştərisi olsa və ya kredit götürsə belə bankın “myGov.az”a daxil olmaq üçün vətəndaşdan icazə istəməsi doğru deyil. Heç bir halda bank vətəndaşın “myGov.az” hesabındakı informasiyaya çıxış əldə edə bilməməlidir. Qanunvericiliyə görə, heç bank əməkdaşı da “myGov.az”a girərək hesabınızdakı informasiyalara baxa bilməməlidir. Çünki banka lazım olan məlumatların bir hissəsini vətəndaş verir, digər hissəsinə isə bank üçün açılmış imkanlar üzərindən bank mütəxəssisi baxa bilir. Lakin bu imkanlara “myGov.az”a girərək hesaba baxmaq yoxdur. Bu bank əməkdaşları üçün də qadağandır. Çünki bank əməkdaşları bir müddət bankda çalışdıqdan sonra işindən ayrıla və vətəndaşa məxsus informasiyaları başqa məqsədlə istifadə edə bilər”.

Qeyd edək ki, Odər Qəni də sosial hesabında bu məsələni qabardıb və ona da vətəndaşların eyni mövzu ilə müraciət etdiyini deyib.

Bizə qoşulun