Medianews.az
“İsrail itləri”, “İran tulaları” –
73 baxış

“İsrail itləri”, “İran tulaları” – soydaşlarımız niyə dalaşırlar?

Son vədələr beynəlxalq sosial şəbəkələrin milli seqmentində yeni ifadələr, təzə-tər söz birləşmələri əmələ gəlib. Maşallah, namxuda, göz dəyməsin, hamısı da bol-bol işlədilir.

Onlardan ən populyarları bunlardır: “İsrail itləri”, “İran tulaları”, “İsrail nökərləri”, “molla aftafaları”, “sionist köpəkləri”, “Qum uşaqları”, “Təl-Əvivin agentləri”, “SEPAH-a işləyənlər”, “Mossaddan yallananlar” və sair və ilaxır.

Gördüyünüz kimi, ortada “Qüds” və “Yerusəlim” söhbəti yoxdur və bunun da öz mənası var. Məsələ budur ki, İsrailin əsas paytaxtı hazırda Yerusəlimdir, müsəlmanlar isə ona Qüds deyir. Əslində “Təl-Əvivin agentləri” yerinə “Yerusəlimin agemtləri” deyilməlidir. Amma bu halda bu, şəhərin həmin adla, həm də İsrail paytaxtı kimi tanınması demək olar. “Qüdsün agentləri” desələr isə, elə çıxar ki, bunlar Fələsrin administrasiyasının agentləridir. Bax, belə bir incəlik. Həm mənasız, həm də intriqa dolu.

İndi gələk bu tərəflərə. Yuxarıdakı epitetləri bir-birinə deyənlər, yazanlar müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıdır. Onların əcdadları 200 il qabaq İran təbəəsi olub, ata-babaları isə sovet Rusiyasının müstəmləkəsi olan ölkəmizdə yaşayıblar. Bəylər və xanımların özləri 35 ildir ki, müstəqil ölkənin sakinləridir. Düzdür, bəziləri sovet dövrünü görüb, amma əksəriyyəti, şair demişkən, “gözünü dünyaya açanda ilkin”, bir anasını görüb, bir də bu vətəni.

Ona görə də öz neytrallığını qoruyan, bəstə boyu ilə pəzəvəng ölkələrin davasına qarışmayan dövlətin vətəndaşlarının 1000 kilometr o tərəfdəki savaşa görə burada qırğına çıxması, bir-birini təhqir və təhdid etməsi anlaşılan deyil.

Təhdid demişkən, o gün 37 ildən bəri adı ölkənin ictimai-siyasi fəallarına tanış olan, xalq hərəkatının tanınmış simalarından biri olmuş şəxs öz soydaşlarını belə hədələmişdi: “Molla rejimi bəhanəsilə İsrailə nökərçilik edənlər, EŞİDİN: .... sizin indi xalqa sırıdığınız yalanlar reallaşmayacaqsa, xalqın qarşısında bir-bir, diz üstə hesab verəcəksiz. Qaçıb gizlənməyə deşik tapa bilməyəcəksiz”.

Bu hədənin reallaşma mexanizmi çox maraqlıdır: İsrail və Amerika müharibəni uduzsa (deyilənə görə, artıq uduzublar), onlara nökərçilik edənləri hansı xalq diz üstə qoyacaq, hesab istəyəcək? Bəlkə SEPAH İrandan bir alay əməliyyatçı göndərəcək ki, gedin o “İsrail nökərləri”ni tutun, diz üstə qoyun, hesab istəyin?

Yoxsa bu səlahiyyət və funksiyanın mandatı yerli “irançı”lara veriləcək? Hələlik bəlli deyil.

Hədə söhbəti bitməmişkən, onu da deyək ki, İsrailin müharibədə qalib gəlməsini istəyənlər də farağat durmurlar, tez-tez sosial şəbəkədə Azərbaycanın hüquq-mühafizə orqanlarına çağırış edirlər ki, “hara baxırsınız, molla rejiminə tulalıq edənləri niyə tutmursunuz?”

Özlüyündə bu da təhdiddir. Onlar da istəyirlər ki, hökumət işə qarışsın və İrana qahmar çıxanları ən azı susdursun.

Belə baxanda hökuməti də qınamaq olmur. Kim tutsun, kimi saxlasın, dünənəcən ölkə əhalisinin bir yarısı Rusiyanın Ukraynaya qalib gəlməsini, o biri yarısı da Ukraynanın Rusiyanı məğlub etməsini istəyirdi.

İndi Rusiya-Ukrayna müharibəsindən əl çəkib keçmişik İsrail-İran savaşına. Kütləvi şəkildə. Hökumət isə camaatı kütləvi şəkildə tuta bilməz. Buna türmə-təcridxana çatdırmaq olar?

Başqa iş-güc yoxdur, hamımız xarici ölkələrin, əcnəbi komandaların müharibəsinə, oyununa azarkeşlik edirik. Emosiyalarına hakim ola bilməyən, yeri gələndə Romanın “Roma” klubunun romalı azarkeşlərindən artıq “Roma”lı olan azarkeşlərik biz. Axtarsan, bu saat “Real”-“Barselona” və ya “Qalatasaray”-“Fənərbağça” intriqasına görə illərlə küsülü olan qardaşlar var.

Yadıma düşür ki, biz hələ uşaq və yeniyetmə olanda güləşdirib-dalaşdırdığımız tay-tuşlarımızı “mənim şirim”, “mənm canavarım” deyə qızışdırırdıq. Hər gün bir neçə dəfə belə epizod olurdu. Onda görürdün ki, gədələr şillə-təpiyə çıxdılar. Böyüklər araya girir, onları aralaşdırır, sonra təzədən ya güləşdirir, ya da yumruqlaşdırırdılar (idman qaydaları çərçivəsində - bəzən hadisə yerinə boks əlcəyi də gətirilirdi).
Dalaşıb ayrılanların bir-birilə öcəşməsi, hansının qalib gəlməsi üstündə mübahisə də düşürdü. Biri deyirdi ki, get, dümbülünə dəyən təpiyi yavanlıq elə. O biri deyirdi ki, evdə üzündəki beş barmaq yerinin nə olduğunu soruşsalar, “yıxılmışam” de.

Ona görə də hazırda Trampın “İrana qalib gəlmişik, məsələ bitib” deməsi, İran tərəfinin isə “Amerika məğlubiyyətini etiraf etsin” söyləməsi heç təəccüblü deyil. Bu, tanış durumdur.

Elə başqa ölkələrin qovğasına azarkeşlik edənlərin davası da təəccüblü deyil. Sadəcə, azarkeşliyi normal çərçivədə etmək lazımdır, yoxsa bir-birinə “tula” demək, bir-birini “hesab verəcəksiniz” deyə hədələmək yaxşı iş deyil.

“Barselona” növbəti “El-klassiko”da “Real”ı udacaqsa, cəhənnəmə udsun, bizə nə?

**

Dünya köhnə dünyadır, epitetləri təzədir.

 

Samir SARI

Bizə qoşulun