İran Vaşinqtonun dəniz blokadası siyasətinə qarşı kəskin mövqe nümayiş etdirərək, İslamabadda keçirilməsi planlaşdırılan sülh danışıqlarının ikinci mərhələsində iştirakdan imtina edib.
Medianews.az İranın SNN telekanalına istinadən xəbər verir ki, bu barədə parlament üzvü Əhməd Naderi açıqlama yayıb.
O, bildirib ki, Vaşinqton dəniz blokadasını tamamilə ləğv etməyənə qədər İran nümayəndə heyəti ABŞ ilə heç bir müzakirə masasına oturmayacaq.
Naderi həmçinin bəzi beynəlxalq media qurumlarının, xüsusilə Türkiyənin “Anadolu” agentliyinin İranın İslamabada nümayəndə heyəti göndərməsi barədə yaydığı xəbərləri təkzib edib:
“Tehran hazırda Pakistanın paytaxtına hər hansı danışıqlar qrupu göndərməyib və bu istiqamətdə yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Məlumat üçün bildirək ki, vəziyyətin bu həddə çatmasına səbəb aprelin 19-da Oman körfəzində baş verən hadisə olub. Belə ki, ABŞ qüvvələri blokadanı yarmağa çalışan İranın “Touska” adlı ticarət gəmisini ələ keçirib. İran hərbi komandanlığı bu addımı kəskin pisləyərək “piratçılıq aktı” adlandırıb və ABŞ-ni sülh prosesini ciddiyə almamaqda ittiham edib.
Qeyd edək ki, Pakistan tərəfi vasitəçilik səylərini davam etdirsə də, İranın dəniz blokadasının ləğvi barədəki qətiyyətli tələbi danışıqların ikinci mərhələsini sual altına qoyub. Tehran hesab edir ki, hərbi və iqtisadi təzyiq altında aparılan danışıqlar real sülhə deyil, yalnız ABŞ-ni maraqlarına xidmət edir.