Medianews.az
İnternet qiymətləri:
139 baxış

İnternet qiymətləri: seçimin olmadığı internet bazarı, susan tənzimləyicilər

Sosial şəbəkələrdə yenidən internet tariflərinin artırılacağı ilə bağlı müzakirələr gedir. İnternet bazarında hökmran mövqe tutan Aztelekom dövlət provayderi isə buna münasibət bildirərək “belə bir qərar yoxdur” açıqlaması ilə kifayətlənib.

Xatırladıram ki, son 4 ildə internet tarifləri xeyli artıb:

2021-ci ilədək

4 Mb/s – 10 manat

10 Mb/s – 12.5 manat

2022

10 Mb/s üçün 12.5 manat ödəyən abonent birdən-birə

30 Mb/s – 18 manata keçirildi

2023

“Minimum” paket yenidən dəyişdirildi:

40 Mb/s – 18 manat konsepti oturuşduruldu, aşağı sürətli paketlər bazardan sıxışdırıldı

2024, 15 avqust

Aztelekom-un təşəbbüsü ilə ən kəskin addım atıldı:

100 Mb/s – 25 manat elan edildi

Əsas problem ondan ibarətdir ki, bu dəyişikliklər zamanı istifadəçilərə real seçim imkanı verilmədi. Halbuki hər kəsin 100 Mb/s internetə ehtiyacı yoxdur. Regionlarda, kəndlərdə yaşayan, əsasən ünsiyyət, dərs və dövlət xidmətləri üçün internetdən istifadə edən minlərlə ailə üçün 10–20 Mb/s sürət tam yetərli idi.

Nəticədə regionlarda bir çox istifadəçi ya internetdən imtina etməyə, ya da “şərikli internet” kimi riskli və arzuolunmaz modellərə keçməyə məcbur qaldı.

Əgər məqsəd RİNN və İKTA tərəfindən beynəlxalq statistik göstəricilərdə orta sürəti süni şəkildə artırmaq idisə, bunun daha ədalətli yolu var idi. Məsələn, regionlarda yüksək sürətə real tələbatı olan istifadəçilər üçün təşviq və güzəşt mexanizmləri tətbiq oluna bilərdi. Yəni müəyyən müddət üçün yüksək sürət saxlanılmaqla daha aşağı ödəniş müəyyən edilə bilərdi. Bu barədə biz rəsmi təkliflə RİNN-ə də müraciət etmişdik.

Aztelekom dövlət şirkəti AZCON Holdinqin tərkibinə daxil ediləndə qiymət siyasətinə yenidən baxılacağı bildirilmişdi. Amma hələlik bu istiqamətdə real dəyişiklik görünmür.

Ən problemli məqam isə budur: internet bazarında dövlətin payı bu qədər yüksək olduğu halda, dövlət provayderinin inzibati üsullarla qiymət müəyyənləşdirməsi həm ağlasığmazdır, həm də yolverilməzdir.

İKTA qiymətlərin onun səlahiyyətində olmadığını deyir. Antiinhisar qurumu isə Prezident tabeliyində agentliyə çevrilərək güclənsə də, hələlik bu məsələdə sərt mövqe ortaya qoya bilməyib.

Xatırladaq ki, 15 avqust qiymət şoku Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ilkin olaraq “kartel sövdələşməsi” və “vətəndaşların seçim hüquqlarının məhdudlaşdırılması” kimi dəyərləndirilmiş, hətta araşdırma başlanmışdı. Amma indiyədək bu araşdırmanın yekunu barədə ictimaiyyətə heç bir qərar açıqlanmayıb.

İndi yenidən “gələn ildən tariflər bahalaşa bilər” mövzusunun dövriyyəyə buraxılması təsadüfi görünmür. Bu, həm ictimai reaksiyanı ölçmək, həm də növbəti qiymət artımını əvvəlcədən “normallaşdırmaq” cəhdi təsiri bağışlayır. Kimlərinsə bu artımda maraqlı olduğu aydın sezilir.

Anlaşılmaz olan isə budur: Aztelekom kimi nəhəng dövlət şirkətinin, təbii inhisar subyektinin maliyyə gücü bu qədər artdığı halda niyə yenə yük vətəndaşın üzərinə qoyulur?

Xatırladıram ki, 15 avqust qiymət şokundan sonra Aztelekom-un aylıq gəlirinin 100 milyon manat, illik dövriyyəsinin isə 1 milyard manatdan çox olduğu qeyd olunur. Eyni zamanda sektorda 15–20–25 min manat aylıq əməkhaqqı alan əməkdaşlarla bağlı məlumatlar da ictimai müzakirələrdə yer alır.

Artıq dövlət sektorunda çalışan gənc mütəxəssislər arasında rabitə sektoruna keçmək uğrunda maraq da açıq müşahidə olunur.

Yeri gəlmişkən, ötən ay RİNN yanında İctimai Şura olaraq Aztelekom-da keçirilən görüşdə bu dövlət şirkətinin əməkdaşlarının özlərini faktiki olaraq özəl sektor təmsilçisi kimi aparması da diqqətdən yayınmamışdı.

İnanmaq istərdim ki, Antiinhisar agentliyi gələn il artıq bazarda hökmran mövqe tutan, nəhəng dövlət şirkətinə çevrilmiş təbii inhisarçı Aztelekom-u real şəkildə yerində oturda biləcək.

Amma açığı, bunun ehtimalı hələlik çox zəif görünür.

Osman Gündüz, 
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru 

 

Bizə qoşulun