Medianews.az
Qəzza yeniliyi “Avroviziya” düyününü aça bilər
1,662 baxış

Qəzza yeniliyi “Avroviziya” düyününü aça bilər

Medianews.az xəbər verir ki, Fələstinin Qəzza bölgəsində qırğının dayanması “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsi ətrafında qalmaqala son verə bilər.

2023-cü il oktyabrın 7-də Qəzzadan İsrail ərazilərinə hərbi müdaxilə edilib, ardınca böyük savaş başlayıb, Qəzzanın böyük hissəsi tam dağıdılıb. Dünya ictimaiyyətinin bir hissəsi fələstinlilərin soyqırımına məruz qoyulduğunu iddia edir.

2025-ci il oktyabrın 13-də ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyi ilə əldə olunmuş sülh razılaşması Qəzzada müharibənin dayanmasını nəzərdə tutur.

Medianews.az xatırladır ki, Qəzza savaşı Avstriyanın paytaxtı Vyananın ev sahibliyi edəcəyi “Avroviziya 2026” ətrafında da dartışma yaradıb.

1956-cı ildən keçirilən “Avroviziya” yarışması ictimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin layihəsidir.

İrlandiya, İspaniya, Niderland və Sloveniyanın ictimai yayım qurumları İsrailin “Avroviziya 2026”ya buraxılmaması tələbi qoyub. Belçika, Finlandiya və İslandiya da oxşar mövqe tutur.

İştirakları gözlənən Ermənistan, Gürcüstan, İtaliya, Polşa, Portuqaliya hələ heç bir qərar verməyib.

Oktyabrın 14-nə olan məlumata görə, yarışda iştirakını bu ölkələr təsdiqləyib: Albaniya, Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Fransa, Xorvatiya, İsveç, İsveçrə, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Monteneqro, Norveç, San Marino, Serbiya, Ukrayna, Yunanıstan.

“Avroviziya 2026”nın birinci yarımfinalı mayın 12-nə, ikinci yarımfinalı 14-nə, finalı 16-na təyin olunub.

1956-cı ildən başlayaraq “Avroviziya” müsabiqəsində İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

Toğrul Əli,
Medianews.az

 

Bizə qoşulun