Medianews.az
Oktay Kaynarca kimdir:
192 baxış

Oktay Kaynarca kimdir: BİOQRAFİYA, FİLMLƏRİN SİYAHISI

Bu gün Türkiyənin İstanbul şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində Oktay Kaynarca da tutulub.

Medianews.az bildirir ki, Oktay Kaynarca 1965-ci il yanvarın 27-də İstanbulda anadan olub. Aktyor, teatr sənətçisi, ssenarist, prodüser, dublyaj ustası, müğənni, aparıcı və iş adamıdır. Bir sıra mahnıların sözlərinin müəllifidir.

5 yaşında atasını avtomobil qəzasında itirən Oktay Kaynarca orta təhsilinə İstanbulun Üsküdar Liseyində başlayıb, sonra orta təhsilini Artvin vilayətinin Hopa Liseyində tamamlayıb.

İstanbul Bələdiyyə Konservatoriyasının teatr bölməsində təhsil aldığı dövrdə Müjdat Gezəndən aktyorluq dərsi alıb.

1991-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının magistratura pilləsini (teatrşünaslıq üzrə) bitirib. Bu konservatoriyanın teatr bölməsində tələbə olduğu illərdə Müjdat Gezən, Yıldız Kəntər və Əhməd Ləvəndoğlundan aktyorluq dərsləri alıb.

Oktay Kaynarca əmək fəaliyyətinə 16 yaşından başlayıb. Restoranda fotoqraflıq edib.

Liseydə oxuduğu dövrdə İstanbul Fiat yük avtomobilləri zavodunda yeddi ay elektrik kimi çalışıb.

İstanbul Universiteti Dövlət Konservatoriyasında təhsil aldığı illərdə teatrda, serial və kino sahəsində ilk aktyorluq təcrübələrini qazanıb.

Səhnəyə ilk dəfə Ege Teatrında Turgut Özakmanın “Divarların arxasında” adlı tamaşasında çıxıb. Daha sonra bir neçə uşaq tamaşasında rol alıb. İlk səhnə işi musiqili tamaşa olub.

1989-cu ildə konservatoriya tələbəsi olarkən TRT-1 kanalında yayımlanan “Gənclər” serialında baş rollardan birini oynayıb.

1990-cı ildə Yavuz Turqulun rejissoru olduğu “Eşq filmlərinin unudulmaz rejissoru”, 1991-ci ildə isə Tomris Giritlioğlunun çəkdiyi “Suyun o tayında” filmlərində rol alaraq kino karyerasına başlayıb.

Konservatoriyanı bitirdikdən sonra “Teatr Studiyası”nda səhnələşdirilən “Qan qardaşları” (1991) musiqili tamaşasında və “Dərindən nəfəs al” (1993) adlı teatr əsərində rol alıb.

Kino fəaliyyətini Yavuz Özkanın rejissorluq etdiyi “Yengəc səbəti”, “Bir qadının anatomiyası” və “Dəli ürək: Bumeranq cəhənnəmi” filmlərindəki rollarla davam etdirib.

2000-ci ildə “Sabah gec olmayacaq” televiziya filminə Meral Okay ilə birgə prodüserlik edib.

2001-2002-ci illərdə TRT-1-də yayımlanan “Yedditəpə İstanbul” serialında Ferhan obrazını, 2003-cü ildə isə TRT-1-də nümayiş etdirilən “Əsir şəhərin insanları” mini-serialında leytenant Mehmet Əli rolunu canlandırıb.

2003-cü ildə “Show TV”də yayımlanmağa başlayan, Osman Sınavın rejissoru və prodüseri olduğu “Qurdlar vadisi” serialında Süleyman Çakır obrazı ilə geniş şöhrət qazanıb. Süleyman Çakır obrazının serialda ölümü böyük tamaşaçı kütləsi tərəfindən yasla qarşılanıb, onun üçün qiyabi cənazə namazı qılınıb və bu obraz illər boyu xatırlanan sosial fenomenə çevrilib.

“Qurdlar vadisi” başa çatdıqdan sonra bir müddət serial çəkilişlərinə fasilə verən Oktay Kaynarca bu dövrdə Sırrı Süreyya Öndərin ssenari müəllifi və rejissoru olduğu “Beynəlmiləl” filmində mayor rolunu, internet üzərindən hazırlanan “Sıfır dediyimdə” filmində isə Oğuz obrazını canlandırıb.

Daha sonra “Şimal küləyi” (2007–2008), “Adanalı” (2008–2010), “Sakarya Fırat” (2011) və “Ustura Kamal” (2012) seriallarında rol alaraq televiziya fəaliyyətini davam etdirib.

2013-cü ildə Malatyanın Həkimxan rayonunda bir küçəyə Oktay Kaynarcanın adı verilib.

2014–2017-ci illərdə “Çolpan İlhan & Sadri Alışık” Teatrının səhnəsində üç mövsüm oynanılan, “Ququ quşu” romanı əsasında hazırlanmış eyniadlı tamaşada McMurphy obrazını canlandırıb. Onun iştirak etdiyi digər teatr tamaşaları arasında “Kral Lir”, “Bahar nöqtəsi” və “Toy” da yer alır.

2015–2021-ci illərdə ATV kanalında yayımlanan “Yolkəsən dünyaya hökmdar olmaz” serialında Hızır Çakırbəyli obrazı ilə çıxış edib və bu rola görə bir sıra mükafatlar qazanıb.

2022–2024-cü illərdə ATV-də yayımlanan “Mən bu cahana sığmazam” serialında prodüser, aktyor və serialın ilk 30 bölümünün ssenari müəllifi kimi fəaliyyət göstərib. Layihənin ideyası və konsept dizaynı Oktay Kaynarca və rejissor Onur Tana məxsusdur.

Oktay Kaynarcanın “KYN Production” adlı prodüser şirkəti fəaliyyət göstərir. O, eyni zamanda iş adamı kimi də kommersiya fəaliyyəti ilə məşğuldur.

13 iyun-24 sentyabr 2024-cü il tarixlərində ATV-də yayımlanan, iki mövsüm və 14 bölümdən ibarət “Alan” adlı bilik yarışmasını aparıb.

8 sentyabr 2024–26 yanvar 2025 tarixlərində ATV-də yayımlanan, fasilədən sonra 4 may 2025-ci ildən etibarən yenidən davam edən “Kim milyonçu olmaq istəyir?” bilik yarışmasının aparıcısıdır.

Oktay Kaynarca bu günə qədər çoxsaylı konsertlərdə sənətçi və solist kimi də səhnəyə çıxıb.

2025-ci ildə “KYN Yapım” imzası ilə GAİN rəqəmsal platformasında yayımlanan, 8 bölümdən ibarət “Başqan: Ev dustaqlığı” serialında baş rol ifaçısı və prodüser kimi çıxış edib.

Oktay Kaynarca 2012-ci ildə ailə qurub. Lakin bir il sonra boşanıb.

Oktay Kaynarcanın çəkildiyi filmlər:

1990 Aşk Filmlerinin Unutulmaz Yönetmeni
1994 Yengeç Sepeti
1995 Bir Kadının Anatomisi
1999 Can Dostum
2000 Yarın Geç Olmayacak
2001 Deli Yürek: Bumerang Cehennemi
2002 Abdülhamid Düşerken
2004 Kalbin Zamanı
2007 Beynelmilel
2007 Sıfır Dediğimde
2007 Sis ve Gece
2008 Alia
2008 Hoşçakal Güzin
2011 Çanakkale Ruhu
2019 Aman Reis Duymasın.

Oktay Kaynarcanın çəkildiyi seriallar:

1989 Gençler
1999 Köstebek
2001 Yeditepe İstanbul
2001 Tek Celse
2002 Aynalı Tahir
2002 Bayanlar Baylar Melih
2002 Lahmacun ve Pizza
2003 Esir Şehrin İnsanları
2003-2004 Kurtlar Vadisi
2004 Aşkımızda Ölüm Var
2004 Adı Aşk Olsu
2006 İlk Aşkım
2007 Geniş Zamanlar
2007-2008 Kuzey Rüzgârı
2008 Kardelen
2008 Kırmızı Işık
2008 Sen Harikasın
2008-2010 Adanalı
2010 Yahşi Cazibe
2009 Bahar Dalları
2011 Nuri
2011 Sakarya Fırat
2012 Ustura Kemal
2013-2014 İnadına Yaşamak
2014 Kardeş Payı
2015-2021 Eşkıya Dünyaya Hükümdar Olmaz
2022-2024 Ben Bu Cihana Sığmazam.

Medianews.az

Bizə qoşulun