Medianews.az
O parad başqaydı, bu parad başqa...
174 baxış

O parad başqaydı, bu parad başqa...

“İndiki cavanlar bilməz” silsiləsindən daha bir söhbət var. Bu gün noyabrın 7-dir. Parada hazırlaşırıq. Amma 35 il öncədən üzü o tərəfə bu günlər başqa parada çıxardıq.

Həmin paradın adı beləydi: “Böyük Oktyabr Sosialist İnqilabının növbəti ildönümü”.

Kimsə deyə bilər, bu necə oktyabr inqiabıdır ki, ildönümü noyabrda olur. Ona məntiqli cavab budur: bu, təqvim məsələsidir, ruslar 1918-ci ildə Yulian təqvimindən imtina edərək, Qriqorian təqvimini tətbiq edəndə 12 gün fərq əmələ gəlib. Ona görə də “köhnə Yeni il” kimi, 1917-ci ilin 25 oktyabrında baş vermiş bolşevik çevrilişi noyabrın 7-nə sürüşüb. Bu heç.

O vaxt cavan idik, bilmirdik, əlimizin altında arxiv materialları, alternativ məxəzlər, dissident ədəbiyyatı-filan yox idi, elə bilirdik ki, 1917-ci ilin oktyabrında əməlli-başlı inqilab olub, xalq kütlələri günlərlə, həftələrlə meydanlarda yatıblar, axır ki, inqilab ediblər.

Sonradan aydın oldu ki, elə şey olmayıb. Hətta oktyabrın 24-dən 25-nə keçən gecə bolşevik başbilənlər (Trotski, Sverdlov, Stalin, Dzerjinski, Frunze və b.) Leninə deyəndə ki, necə edək, neynəyək, o deyib ki, bu gün tezdir, sabah gec ola bilər. Ona görə də gecəylə hakimiyyəti ələ keçiriblər, müvəqqəti hökumətin başçısı Aleksandr Kerenskini deviriblər, hələ yazığı da şərləyiblər ki, guya o, Petroqraddan arvad (tibb bacısı və ya qulluqçu) paltarında qaçıb.

Dünyanın işinə baxın ki, Kerenski onu devirənlərin hamısından uzun və xoşbəxt yaşayıb, ABŞ-də 90 il ömür sürüb. Bircə Rusiyadan qadın paltarında qaçması barədə söhbəti ürəyinə salırmış. Hətta 1966-cı ildə jurnalist Henrix Boroviklə görüşən Kerenskinin ona ilk sözü belə olub: "Cənab Borovik, Moskvadakı ağıllı insanlara deyin ki, mən Qış sarayından qadın paltarında qaçmamışam!"

Kerenski nə biləydi ki, “qadın paltarında qaçmaq” şəri elə də ciddi bir şey deyil. Ondan sonra Qış sarayına gələnlər bir-birini casusluqda, dövlət çevrilişində, terrorda, sui-qəsddə şərlədilər, güllələdilər - özü də kütləvi şəkildə. Bu da heç. Bunları da sonradan bildik.

Ancaq 1980-ci illərin ortalarında biz həmin bu günlər parada çıxardıq. Daha doğrusu, bizi, o dövrün tələbələrini bir-iki gün əvvəldən fakültədə toplayardılar, dekan müavini deyərdi ki, hamı bir nəfər kimi parada çıxmalıdır, çıxmayan özündən küssün. Biz də səhər o başdan toplanış yerlərinə yığışardıq. Sov.İKP MK-nın Siyasi Bürosunun üvlərinnin şəkillərindən hərəmizə birini verərdilər ki, bunu əlinizdə qaldırın, tribunada duran məsul yoldaşlara baxa-baxa sırayla addımlayın.

Açığı, bu işdən hamılıqca zəhləmiz gedirdi. Yalnız komsomol və həmkarlar təşkilatlarının fəalları, bir də əlaçılar fəallıq edirdilər (sonradan onların çoxu dövlət məmuru oldu – rəhbərliklə və kütlə ilə işləməyi yaxşı öyrənmişdilər).

O vaxtlar 7 noyabr günlərinin havası sırsıralı, yağmurlu, ürəksıxıcı olurdu, transparant və şəkilləri elə paraddan çıxan kimi fakültənin təsərrüfat müdirinə təhvil verib aradan çıxırdıq. Adam məcbur olurdu ki, maşın tutsun, gələn il kara gələcək şüarları və şəkilləri anbara özü daşısın. Elə təhvil-təslim epizodlarından birində tələbə yoldaşlarımızdan kimsə Arvid Yanoviç Pelşenin portretini pis günə qoymuşdu. Az qala mənim üstümdə qalacaqdı. İzahat verdim ki, mən Solomentsevin şəklini daşımışam və sağ-salamat təhvil vermişəm.

Paradın televiziya ilə translyasiyasında boşboğazlıq xirtdəkdən yuxarıydı. Ay, bu inqilab bizi ağ günə çıxarıb, xalqlara azadlıq bəxş edib, əzilən kütlələri istismarçı sinifin əlindən alıb və s. və i.a. Bizi məcbur edirdilər ki, “ura-ura” qışqıraq. Xəbərimiz yox idi ki, inqilabçılar neçə-neçə on il boyunca xalqımıza “dra-dra” dedirdiblər, qul kimi işlədiblər.

Yeri getməmişkən deyim ki, bizim özümüzü sentyabrın 10-dan sonra ta oktyabrın isə 31-nə qədər aparıb Qasım İsmayılov və ya Mirbəşir rayonlarında (indiki cavanlar bunu da bilməz) pambıq plantasiyalarında işlədirdilər. Düzdür, biz o kampaniyaya bir qədər düşərgə-əylənvə havası qatır, maraqlı edirdik, amma planı da verməliydik.

Belə günlər vardı.

Baxın, indi 7 noyabrın nə günü olduğu çox adamın yadına düşmür. Niyə? Çünki süni gün idi, onu bizə sırımışdılar. Sırıqçılar yox olan kimi, 7 noyabr da adi günə çevrildi. Amma 8 noyabr başqa gündür. Həmin günün paradı da başqa paraddır. Nə qədər ki, anaya “ana”, vətənə “vətən” deyirik, bu günü qeyd edəcəyik. “Zəfər” deyən dilləriniz var olsun!.

Bizə qoşulun