Medianews.az
Milli komandamız Santuşun rəhbərliyi altında: Nələr baş vermişdi? –
1,376 baxış

Milli komandamız Santuşun rəhbərliyi altında: Nələr baş vermişdi? – Əvvəlki 14 baş məşqçinin adları

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsi sentyabrın 8-də milli komandanın baş məşqçisi Fernandu Santuşu istefaya göndərib.

Medianews.az bildirir ki, portuqaliyalı Fernandu Santuş 2024-cü il iyunun 12-də milli komandanın baş məşqçisi təyin olunmuşdu. O, AFFA ilə 2027-ci ilə qədər müqavilə bağlamışdı.

1954-cü il təvəllüdlü Fernandu Santuş Portuqaliyanın “Eştoril”, “Maritimu” komandalarının müdafiəçisi olub, “Eştoril”, “Eştrela”, “Portu”, “Sportinq”, “Benfika” (Portuqaliya), AEK, “Panatinaikos”, PAOK (Yunanıstan), “Beşiktaş” (Türkiyə) klublarına, Yunanıstan, Portuqaliya, Polşa milli komandalarına baş məşqçilik edib.

Medianews.az yada salır ki, Azərbaycan milli komandası Fernandu Santuşun rəhbərliyi altında 11 oyunda bir qələbə də qazanmayıb. UEFA Millətlər Liqasının 2024-2025 mövsümünün qrup mərhələsində 6 oyuna cəmi 1 xal yığan komanda C liqasından D liqasına yuvarlanıb. Komanda 4 yoldaşlıq oyunundan da yalnız 1 xal alıb.

Sentyabrın 5-i 2026-cı ilin dünya çempionatının seçmə mərhələsinə start verən yığma səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olub.

Milli komanda FİFA reytinqində 210 yığma arasında 122-ci yerdədir.

Beynəlxalq turnirlərə 1994-cü ildən qatılan Azərbaycan milli komandası dörd Avropa çempionatının seçmə mərhələsini qrupda sonuncu, dördünü sondan əvvəlki yerdə bitirib.

Dörd dünya çempionatının seçmə mərhələsində yığma qrupda sonuncu, ikisində sondan əvvəlki, birində axırdan üçüncü pilləni tutub.

Milli bir yol UEFA Millətlər Liqasının D liqasında qrup ikincisi olub, C liqasında bir yol üçüncü, bir yol ikinci, bir yol dördüncü (sonuncu) pillədə yer alıb.

Əvvəllər milli komandanın sükanı arxasında Ələkbər Məmmədov, Ağasəlim Mircavadov, Kazbek Tuayev, Vaqif Sadıqov, Əhməd Ələsgərov, İqor Ponomaryov, Əsgər Abdullayev, Karlos Alberto Torres, Şahin Diniyev, Berti Foqts, Robert Prosineçki, Qurban Qurbanov, Nikola Yurçeviç, Canni De Byazi dayanıblar.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun