Medianews.az
Mərkəzi Bank kriptovalyutanı nəzarətə götürür? –
225 baxış

Mərkəzi Bank kriptovalyutanı nəzarətə götürür? – Risklər

Azərbaycanda kriptovalyuta və digər virtual aktivlərin tənzimlənməsi məqsədilə tədris və məlumatlandırma xarakterli sənəd hazırlanır. Bu barədə mediaya açıqlamasında “Azərbaycan Fintex Assosiasiyası” (AzFina) İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev məlumat verib.

Onun sözlərinə görə, kriptovalyuta sahəsində gəlir mənbələrinin şəffaflığı ilə bağlı hələ də ciddi suallar mövcuddur ki, bu da maliyyə inklüzivliyi və maliyyə sabitliyi baxımından yeni risklər yaradır: “Bu prosesdə ən vacib məsələ insanların tənzimləyici quruma – Azərbaycan Mərkəzi Bankına (AMB) və müvafiq xidmətləri göstərən subyektlərə olan etimadıdır”.

E.Abdullayev bildirib ki, stabilkoinlər və digər virtual aktivlər üzrə ilkin tənzimləyici yanaşma artıq formalaşıb: “Hazırda stabilkoinlər və digər virtual aktivlər üzrə fundamental tənzimləyici sənədin hazırlanmasına dair ilkin plan mövcuddur. Gələcəkdə bu proses mərhələli şəkildə idarə olunacaq və ümid edirik ki, perspektivdə Mərkəzi Bank tərəfindən tənzimlənən stabilkoin də təqdim ediləcək”.

Bu vəziyyət suallar yaradır: Azərbaycanın tənzimləyici çərçivəsi virtual aktivlər sahəsində yatırım imkanlarını nə dərəcədə artıracaq? Bu sahədə əsas risklər nələrdir və ölkə beynəlxalq təcrübədən hansı dərsləri götürə bilər?

İqtisadçı Xalid Kərimli Musavat.com-a deyib ki, tədris və maarifləndirmə bu sahədə ilk və vacib addımdır, lakin tənzimləyici çərçivənin şəffaf, sadə olması da eyni dərəcədə önəmlidir: “Kriptovalyuta mədənçiliyi Azərbaycanda inkişaf etdirilə bilərmi? Bunun üçün DATA mərkəzlərində güclü kompüterlər və superkompüterlər istifadə olunur və bu proses ciddi enerji istehlakı tələb edir. Burada əsas məsələ enerji resurslarının səmərəli istifadəsi və mütəxəssis yanaşmasıdır. İkinci məsələ kriptovalyutaların investisiya aləti kimi istifadəsidir. Bitcoin, Ethereum və digər kriptovalyutalar beynəlxalq bazarlarda alınıb-satılır. Hazırda Azərbaycanda bu aktivlərin birbaşa alınmasına müəyyən məhdudiyyətlər olduğundan vətəndaşlar vəsaitlərini xarici platformalara çıxarırlar. Coinbase, Binance və digər platformalar vasitəsilə virtual cüzdanlara pul yatırılır və əməliyyatlar həyata keçirilir. Məqsəd ondan ibarət olmalıdır ki, insanlar Azərbaycan bankları vasitəsilə, ölkə daxilində rahat şəkildə kriptovalyuta ala bilsinlər. Necə ki, mobil tətbiqlər üzərindən səhmlər və digər qiymətli kağızlar alınır, kriptovalyuta üçün də belə mexanizmlər qurmaq mümkündür”.

İqtisadçı qeyd edib ki, kriptovalyuta həm imkanlar, həm də risklər daşıyır: “Bu aktivlərin daxili dəyəri yoxdur və qiyməti tamamilə bazar dinamikasına bağlıdır. Nə qədər sürətlə qazanmaq mümkündürsə, eyni sürətlə də itirmək mümkündür. Vətəndaşlarda yanlış təsəvvür yaratmamaq vacibdir – sadə şəkildə pul yatırmaqla avtomatik gəlir əldə ediləcəyi düşüncəsi yanlışdır.

Xalid Kərimlinin sözlərinə görə, əsas risklərdən biri qiymətlərin yüksək volatilliyi və bazar dəyişkənliyidir: “Məsələn, bir müddət əvvəl Bitcoin-in qiyməti 120–126 min səviyyələrində idi, indi isə 85–90 min civarındadır. Texnoloji risklər də mövcuddur - kriptovalyuta sistemləri kodlar üzərində qurulub və hesabların ələ keçirilməsi, kodların sındırılması mümkündür. Ona görə təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməlidir. Ümumilikdə, imkanlarla yanaşı risklər də açıq şəkildə izah olunmalı, vətəndaşlar məlumatlı şəkildə qərar verməlidirlər.”

Bizə qoşulun