Medianews.az
“Metroda gediş 30 qəpik oldu!” –
318 baxış

“Metroda gediş 30 qəpik oldu!” – “Birbank”ın şirnikləndirmə kampaniyası

Dünən ölkənin bir sıra xəbər saytlarında “Metroda gediş haqqı 30 qəpik oldu”, “Dekabrın 16-dan yanvarın 4-dək metroda gediş haqqı 30 qəpik olacaq” tipli xəbərlər yayılıb.

Oxuyanda aydın olur ki, “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank” qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə öz müştəriləri üçün, təbii ki, həm də yeni müştərilər cəlb etmək məqsədilə kampaniyaya start verib.

Dekabrın 16-dan başlanan və yanvarın 4-dək davam edəcək kampaniya çərçivəsində “Birbank Visa” kartı olan şəxslər Bakı metrosunda “Apple Pay” və ya “Google Pay” vasitəsilə ödəniş etdikdə gediş haqqı 60 qəpik deyil, 30 qəpik hesablanacaq. Bir müştəri kampaniya müddətində bütün kartları üzrə ümumilikdə maksimum 10 dəfə bu endirimdən yararlana biləcək.

Məlum olduğu kimi, oktyabrın 1-dən Bakı metrosunda gediş haqqı 60 qəpikdir. Qiyməti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası müəyyənləşdirib. İndi bir özəl qurumun, yəni “Birbank”ın müştərisi olanlar üçün, hətta məhdud müddəti əhatə etsə də, gediş haqqının aşağı endirilməsi nə dərəcədə qanunidir? Ümumiyyətlə, hər hansı özəl qurumun, o cümlədən “Birbank”ın yeni müştərilər cəlb etmək üçün rəsmi səviyyədə müəyyənləşmiş vahid tarifə endirim həyata keçirməsi qanuna uyğundurmu? 

Medianews.az-ın suallarını cavablandıran hüquqşünas Əkrəm Həsənov bildirib ki, Bakı Metropoliteni hər hansı sərnişinə hansısa bankın müştərisi olduğuna görə güzəşt edə bilməz: “Mən belə başa düşürəm ki, bu, metropolitenin güzəşti deyil, sadəcə olaraq qalan 30 qəpiyi bank özü ödəyir, yəni gediş haqqının yarı hissəsini metropoliten yox, bank müştəridən çıxmır. Burada da heç bir qanunsuzluq yoxdur. Əsas odur ki, Bakı Metropoliteni tərəfindən ayrı-seçkiliyə yol verilmir. Metropoliten yenə hər kəsdən 60 qəpik çıxır, o cümlədən “Birbank” müştərilərindən. Mən də istəsəm metroda kiminsə gediş haqqını ödəyə bilərəm. Həmin pul özəl bankın puludur, dövlətin pulu deyil. Verirsə, qoy versin. Bu, bankın həyata keçirdiyi qanuni kampaniyadır”.

Medianews.az təəssüflə xatırladır ki, yola salmaqda olduğumuz 2025-ci il ölkəmizdə həm də vətəndaşların bank kartlarından iri miqdarda pulların oğurlanması ilə yadda qalır. İl ərzində kibercinayətkarlar, kiberdələduzlar vətəndaşların bank kartlarından milyonlarla manat pul çəkə biliblər. Ən çox hansı bankların müştərilərinin ziyana uğradığı haqda rəsmi statistika açıqlanmır. Qeyri-rəsmi dolaşan xəbərlərdə isə pulların daha çox “Birbank” kartlarından oğurlandığı və bu səbəbdən bəzi vətəndaşların bu kartlardan istifadəni dayandırdığı deyilir. İndi belə düşünmək olarmı ki, “Birbank”a Bakı metrosunda öz müştəriləri üçün endirim kampaniyası keçirmək, həmçinin yeni müştərilər cəlb etmək imkanı bu banka etimadı geri qaytarmaq məqsədilə yaradılıb?

Əkrəm Həsənov saytın bu sualını cavablandırarkən bildirib: “Kibercinayətlərlə əlaqədar bu bankın adı çox çəkilirdi. Ola bilər ki, hazırkı kampaniya ilə həm yeni müştərilər cəlb etmək, həm də nüfuzunu bərpa etmək istəyir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun