Medianews.az
Ərdoğan S-400-ləri Rusiyaya qaytarmaq məsələsini Putinlə müzakirə edib -
127 baxış

Ərdoğan S-400-ləri Rusiyaya qaytarmaq məsələsini Putinlə müzakirə edib -  “Bloomberg"

ABŞ-nin “Bloomberg” agentliyi yazır ki, Ankara Vaşinqtonla münasibətləri bərpa etmək və F-35 qırıcıları ilə bağlı proqrama qoşulmaq üçün Rusiyadan aldığı S-400-ləri geri qaytarmağı nəzərdən keçirir.

Medianews.az-ın məlumatına görə, agentlik iddia edir ki, Türkiyə 2017-ci ildə bağlanan saziş əsasında Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı yeni bir addımı dəyərləndirir.

“Ərdoğan ABŞ-nin dəstəyini qazanmaq üçün Putinə müraciət edərək ondan raketləri geri götürməsini istəyib” başlığı ilə yayımlanan xəbərdə deyilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 12-də Türkmənistanda Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə S-400-ləri geri qaytarmaq məsələsini müzakirə edib.

“Bloomberg”ə danışan, adları açıqlanmayan mənbələr bildiriblər ki, S-400-lər Rusiyaya qaytarılsa, Türkiyənin F-35 qırıcı təyyarələri proqramına qoşulmaq şansı yarana bilər.

ABŞ və NATO daima Türkiyənin S-400 sistemləri almasına və istifadə etməsinə qarşı çıxıb. Sözügedən sistem NATO-nun mövcud müdafiə və radar sistemlərinə inteqrasiya edilə bilmir. ABŞ bu səbəbdən 17 iyul 2019-cu ildə Türkiyəni ortağı olduğu yeni nəsil F-35 döyüş təyyarələrinin istehsalı proqramından çıxarıb.

ABŞ-nin Ankaradakı səfiri Tom Barrak bu yaxınlarda Türkiyənin S-400 dosyesini bağlamaq ərəfəsində olduğunu və problemin qarşıdakı altı ay ərzində həll oluna biləcəyini demişdi.

Medianews.az

Bizə qoşulun