Medianews.az
İrəvana gedən neftdən neçə milyon qazandıq? –
247 baxış

İrəvana gedən neftdən neçə milyon qazandıq? – RƏQƏMLƏR AÇIQLANDI

Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan bildirib ki, Azərbaycan yanacağı daşıyan 20 vaqonun yaxın günlərdə Ermənistana çatacağı gözlənilir.

Erməni nazir Azərbaycan mediasının yanacağın ilk partiyasının artıq Ermənistana göndərildiyi barədə xəbərlərini təsdiqləyib.

Bu addım Ermənistanın uzun illər formalaşmış anti-Azərbaycan iqtisadi siyasətindən geri dönüş kimi dəyərləndirilə bilərmi? Ermənistan niyə məhz Azərbaycan yanacağına üstünlük verdi - qiymət, logistika, yoxsa alternativlərin azalması səbəbindən? Gələcəkdə bu ticarət daha geniş enerji əməkdaşlığına çevrilə bilərmi?

İqtisadçı Eldəniz Əmirov Musavat.com-a deyib ki, Azərbaycanın atdığı bu addım mahiyyət etibarilə birmənalı şəkildə iqtisadi davranışdan daha çox, peşəkar və uzaqgörən siyasi yanaşmanın təzahürüdür:
“Çünki sülh gündəliyinə uyğun olaraq Azərbaycan bu addımı ilə sülh prosesini məhz iqtisadi əsaslar üzərində möhkəmləndirməyə çalışır. Bu isə müasir beynəlxalq münasibətlər sistemində kifayət qədər effektiv və düzgün hesab olunan yanaşmadır. Sülhün yalnız siyasi bəyanatlarla deyil, real iqtisadi maraqlar və qarşılıqlı asılılıq mexanizmləri ilə təmin edilməsi daha dayanıqlı nəticələr verir və Azərbaycan məhz bu modeli tətbiq edir”.

İqtisadçı qeyd edib ki, onsuz da Azərbaycan istehsal etdiyi yanacaq məhsullarını, o cümlədən benzini müxtəlif ölkələrə ixrac edir: “Doğrudur, ölkə daxilində tələbatın ödənilməsi üçün istehsal olunan 95 markalı benzinin müəyyən hissəsi daxili bazar üçün kifayət etmədiyindən, paralel şəkildə idxal həyata keçirilir. Lakin buna baxmayaraq, eyni zamanda Ermənistan istiqamətində bu həcmdə yanacağın göndərilməsi artıq sırf kommersiya marağından kənara çıxan siyasi mesaj daşıyır. Bu mesaj təkcə Ermənistan hökumətinə, dövlət başçısına və ya yüksək ranqlı rəsmi şəxslərə deyil, birbaşa sıravi erməni vətəndaşı üçün siqnaldır. Mesajın mahiyyəti isə ondan ibarətdir ki, Azərbaycan Ermənistanın enerji təhlükəsizliyində rol almağa, regionda qarşılıqlı etimada əsaslanan yeni münasibətlər sisteminin formalaşmasına hazırdır”.

E.Əmirovun fikrincə, Ermənistan rəhbərliyi yaxşı anlayır ki, Türkiyə–Azərbaycan birliyi şəraitində münasibətlərin normallaşmaması, eyni zamanda, Türkiyə ilə də münasibətlərin normallaşmaması deməkdir: “Bu isə hazırda Rusiya ilə yaşanan siyasi və iqtisadi gərginlik fonunda Ermənistan üçün faktiki olaraq iqtisadi intihara bərabər bir vəziyyət yaradır. Çünki regional kommunikasiyalardan, enerji layihələrindən və nəqliyyat marşrutlarından kənarda qalmaq Ermənistan iqtisadiyyatını daha da zəiflədir və onu alternativsiz vəziyyətə salır”.

İqtisadçı vurğulayıb ki, Ermənistanın Azərbaycanla münasibətləri bərpa etməsi onlara təkcə sülh və təhlükəsizlik vəd etmir: “Bu addım eyni zamanda iqtisadi dayanıqlığın formalaşmasına, enerji təhlükəsizliyinin təmin olunmasına real imkanlar yaradır. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi çıxış etməsi Ermənistan üçün strateji baxımdan daha rasional seçimdir. Hər halda, Rusiya kimi imperiya düşüncəsindən hələ də tam imtina etməmiş bir dövlətin təsiri altında qalmaqdansa, Azərbaycan kimi regional, etibarlı və beynəlxalq aləmdə tərəfdaş kimi qəbul edilən bir ölkə ilə enerji təminatını qurmaq daha uğurlu və düzgün yanaşmadır”.

Eldəniz Əmirov həmçinin bildirib ki, burada loqistika məsələsi də xüsusi əhəmiyyət daşıyır:
“Məsafə qısa olduqda logistik xərclər də avtomatik olaraq azalır. Hazırkı mərhələdə logistik xərclərin faktiki olaraq sıfıra yaxın olması, Gürcüstan tərəfinin bu prosesdə müəyyən mərhələlərdə ödənişsiz tranzit təmin etməsi gələcək üçün də mühüm üstünlüklər yaradır. Qarşıdakı dövrdə belə, logistik xərclərin minimal səviyyədə qalacağı gözlənilir. Logistik xərc az olduqda məhsulun son qiyməti də aşağı olur. Qiymətin aşağı olması isə Ermənistan istehlakçısı üçün daha əlçatan, daha stabil və keyfiyyətli məhsul deməkdir.

Bütün hallarda Rusiya və İran kimi ölkələrdən asılı vəziyyətdə qalmaqdansa, Cənubi Qafqazın ən etibarlı tərəfdaşlarından biri olan Azərbaycanla enerji əməkdaşlığının qurulması Ermənistan üçün arzuolunan və strateji baxımdan məqsədəuyğun olmalıdır. Dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanla enerji sahəsində əməkdaşlıq Ermənistanın həm iqtisadi, həm də siyasi manevr imkanlarını genişləndirə bilər.
O ki qaldı benzinin Ermənistana hansı qiymətə satılacağına, rəsmi açıqlamalara əsasən bu qiymət beynəlxalq enerji bazarlarında formalaşan qiymətlər əsasında müəyyən ediləcək. Hələlik bu barədə konkret rəqəmlər açıqlanmasa da, ümumi məlumatlara əsasən 22 vaqon yanacağın göndərildiyini və hər vaqonda təxminən 55–60 ton məhsul olduğunu nəzərə alsaq, söhbət ümumilikdə bir neçə milyon dollar dəyərində olan məhsuldan gedir. Bu məbləğ Azərbaycan iqtisadiyyatı üçün böyük göstərici hesab olunmur. Məhz bu səbəbdən hesab etmək olar ki, prosesin əsas mahiyyəti qısa müddətli iqtisadi qazanc deyil. Bu addım daha geniş, strateji və uzunmüddətli iqtisadi əməkdaşlıq konsepsiyasının ilk sətri, ilkin mərhələsi kimi qiymətləndirilməlidir”.

Bizə qoşulun