ABŞ hökuməti İrana qarşı sanksiya paketini genişləndirib. Yeni qərarlar çərçivəsində İranın təhlükəsizlik strukturlarında təmsil olunan bir sıra yüksək vəzifəli şəxslər, eləcə də Bank Melli ilə əlaqəli olduğu iddia edilən qeyri-rəsmi maliyyə şəbəkəsi hədəfə alınıb.
Musavat.com xəbər verir ki, məlumata görə, sanksiyalar ABŞ prezidenti Donald Tramp administrasiyasının İran daxilində etirazların zorakılıqla yatırılması ilə bağlı artan narahatlıqları fonunda tətbiq edilib. ABŞ-da nəşr olunan Politico jurnalı yazır ki, qərar Vaşinqtonun İranla bağlı həm hərbi, həm də qeyri-hərbi variantları dəyərləndirdiyi bir mərhələdə verilib.
İnsan haqları sahəsində fəaliyyət göstərən Human Rights Activists News Agency-nin açıqlamasına əsasən, son həftələr ərzində İranda kütləvi həbslər qeydə alınıb. Təşkilat minlərlə insanın saxlanıldığını və ciddi itkilərin baş verdiyini iddia edir. ABŞ tərəfi də sanksiyaların məhz bu humanitar vəziyyətlə bağlı narahatlıqlar səbəbindən sərtləşdirildiyini vurğulayır.
Yeni siyahıya Dövlət Departamentinin qadınlara qarşı qeyri-insani rəftarla əlaqələndirdiyi Fərdis Həbsxanası, eləcə də İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani daxil edilib.
Bundan başqa, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi – OFAC – Bank Melli tərəfindən idarə olunduğu iddia edilən “kölgə bankçılığı” şəbəkəsi ilə əlaqəli 18 fiziki və hüquqi şəxsi sanksiya siyahısına əlavə edib. Bildirilir ki, bu şəbəkəyə Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş Tejarat Hermes Energy Qeshm adlı şirkətin yüksək vəzifəli əməkdaşları da daxildir.
ABŞ Maliyyə Naziri Skott Bessent yazılı açıqlamasında bildirib ki, Vaşinqton İran xalqının azadlıq və ədalət tələblərini dəstəkləyir və repressiyalara görə məsuliyyət daşıyan şəxslərə qarşı bütün mümkün mexanizmlərdən istifadə ediləcək.
Eyni zamanda regionda təhlükəsizlik tədbirləri də gücləndirilib. ABŞ Yaxın Şərqdə yerləşən ən böyük hərbi bazalarından birindən bəzi şəxsi heyətin təxliyəsinə göstəriş verib. Paralel olaraq Birləşmiş Krallıq Tehrandakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandıraraq diplomatik heyəti ölkədən çıxarıb.
Hadisələr İran parlamenti sədrinin mümkün ABŞ hücumlarına cavab olaraq İsrail və regiondakı Amerika bazalarının “qanuni hədəf” olacağı barədə açıqlamasından sonra baş verib. Ağ Ev isə vəziyyətin diqqətlə izlənildiyini bildirir. Prezidentin sözçüsü Karolin Livit qeyd edib ki, Vaşinqton üçün bütün seçimlər masadadır və İran rəhbərliyinə ciddi nəticələrlə bağlı açıq mesajlar verilib.