Almaniyanın "Hamburq" klubu bazar ertəsi keçmiş idman direktoru Ştefan Kuntsun cinsi təcavüz ittihamları səbəbindən vəzifəsindən azad edildiyini rəsmən təsdiqləyib.
Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, Müşahidə Şurasının qiymətləndirməsinə görə, zərərçəkmiş tərəflərin ifadələri inandırıcı hesab edilib və "Hamburq" klubu dərhal Ştefan Kuntsla əməkdaşlığa son qoymaq qərarına gəlib.
Futbol üzrə Almaniya millisinin keçmiş futbolçusu bu qərarla razılaşsa da, dəfələrlə şuraya hər hansı bir açıqlama verməkdən imtina edib. Bu səbəbdən də şura bəyanat verərək, Ştefan Kuntsun sosial mediada iddia etdiyi kimi, ona qarşı qaralama kampaniyası aparıldığı ittihamlarını rədd edib. Kunts, həmçinin hadisəni ilk dəfə işıqlandıran alman mediası "Bild"ə qarşı hüquqi prosedur başladacağını bildirmişdi.
Qeyd edək ki, Kunts 1993-97-ci illər arasında Almaniya milli komandasında çıxış edib və AVRO-1996 turnirində çempion olub. O, Almaniya millisinin heyətində 25 oyunda altı qol vurmağı bacarıb.
Məşqçi kimi Kunts 2016-21-ci illər arasında Almaniya U-21 milli komandasına, 2021-23-cü illər arasında isə Türkiyə milli komandasına rəhbərlik edib.