Medianews.az
Məktəbli bacı-qardaşı maşınla vurub öldürənə -
134 baxış

Məktəbli bacı-qardaşı maşınla vurub öldürənə - 10 il həbs!

Lənkəranda idarə etdiyi avtomobillə məktəbli bacı-qardaşı vuraraq öldürməkdə təqsirləndirilən Vurğun Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Medianews.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrın 19-u Lənkəran rayonunun Şovu kəndində baş verib. Vurğun Quluzadə “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən məktəbə gedən şagirdlər - 2017-ci il təvəllüdlü Gülay Əlizadəni və onun qardaşı 2014-cü il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.4.-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Bizə qoşulun