Yanvarın 13-də Prezident İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib ki, Azərbaycanda müdafiə sənayesi qeyri-neft sektorunun aparıcı sahələrdən birinə çevrilməkdədir: “2025-ci ildə Azərbaycanda 1,4 milyard manatlıq hərbi təyinatlı məhsul istehsal edib və 20 ölkəyə ixrac reallaşıb. Bu o deməkdir ki, müdafiə sənayesi məhsulları artıq Azərbaycana valyuta gətirir.

Dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə birgə müəssisələr qurulan Azərbaycanda istehsal proseslərinin milli və beynəlxalq standartlara uyğunlaşdırılaraq keyfiyyətə nəzarət laboratoriyaları yaradılıb. Bu da ixrac imkanlarının genişlənməsinə şərait yaradır.

Son 2 ildə Azərbaycan müdafiə sənayesinə 588 milyon dollar həcmində sərmayə qoyulub. Yaxın illərdə Azərbaycan müdafiə sənayesi məhsullarının illik ixracatının 1 milyard dollara çatdırılması hədəflənir.

Hazırda dünya müdafiə sənayesinin həcmi 473 milyard dollar qiymətləndirilir. Tələbin artması səbəbindən bu rəqəmin 2030-cu ilədək 1 trilyon dollaradək yüksələcəyi gözlənilir. Bu isə o deməkdir ki, yaxın illərdə Azərbaycan müdafiə sənayesi qeyri-neft ixracatında əsas drayverlərdən birinə çevriləcək”.
