AXCP sədri Əli Kərimlinin bu saatlarda Səbael Rayon Məhkəməsinə gətiriləcəyi gözlənir.
Prosesdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Əli Kərimli barəsində istintaq müddətinə həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar vəsatətinə baxılacaq.
Medianews.az bildirir ki, hazırda Səbael Rayon Məhkəməsi ciddi polis nəzarəti altındadır.
Əli Kərimlinin bir sıra tərəfdarları məhkəmə binası önündə gözləyir.
Xatırladaq ki, noyabrın 29-dan DTX-də saxlanan Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
278-ci maddə “Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə” adlanır. Bu maddənin birinci bəndi, yəni 278.1-ci maddə konstitusiyaya zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır.
Cinayət Məcəlləsinə əsasən, 278.1-ci maddədə göstərilən hərəkətlər 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.