Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, kiçik sahibkarlar üçün 2006-cı ildən qüvvədə olan və bu günədək dəyişdirilməyən 200 min manatlıq illik dövriyyə limiti artıq iqtisadi reallıqlara cavab vermir. Onun sözlərinə görə, bu limitin artırılması həm sahibkarların fəaliyyətini stimullaşdırar, həm də kölgə iqtisadiyyatının azalmasına müsbət təsir göstərə bilər.
Hazırda dövriyyəsi 200 min manatı keçən kiçik sahibkar ƏDV (əlavə dəyər vergisi) ödəyicisinə çevrilir və əlavə olaraq 18% vergi yükü daşımalı olur. Bu isə kiçik biznes üçün ciddi maliyyə çətinliyi yaradır.
Maraqlıdır, bu dövriyyə artırıla bilərmi? Əlavə olaraq vergi faizi necə dəyişə bilər?
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli News24.az-a açıqlama verib. O bildirib ki, bu məsələ uzun illərdir gündəmdədir və mövcud məbləğ real iqtisadi göstəricilərlə uyğunlaşmır:
“Söhbət 2006-cı ildən qüvvədə olan və bu günə qədər dəyişdirilməyən limitdən gedir. Məsələ burasındadır ki, 2006-cı ildəki 200 min manatla indiki 200 min manat eyni deyil. Hər il inflyasiya baş verir və bu, sahibkarın dövriyyə göstəricilərinə də təsir edir. Qanunvericiliyin bir çox maddələrində bu cür tənzimləmələr həyata keçirilir, lakin burada artıq 19 ildir heç bir dəyişiklik yoxdur",
İqtisadçının sözlərinə görə, sadələşmiş vergi rejimində limitin 400 min manata qədər artırılması məsələsi müzakirə olunur:
“Əslində, sadələşmiş verginin həddinin 400 min manata qədər artırılması planlaşdırılır. Lakin bu qərar yalnız Milli Məclis tərəfindən qəbul edilə bilər. Məsələn, minimum əməkhaqqı hər il inflyasiya səviyyəsinə uyğun olaraq artırılır, amma bu 200 min manatlıq limit illərdir eyni qalır. Əgər illik inflyasiya səviyyəsinə istinad edilsəydi, bu məbləğ artıq 400 min manata qədər yüksəlməli idi".
Xalid Kərimli əlavə edib ki, limitin artırılması həm kiçik sahibkarların vergi yükünü azaldar, həm də iqtisadi aktivliyi stimullaşdıra bilər:
“Hazırda dövriyyəsi 12 ay ərzində 200 min manatı keçən sahibkar avtomatik olaraq ƏDV qeydiyyatına düşür və əlavə olaraq 18% dəyərində ƏDV ödəməyə məcbur olur. Limitin 400 min manata qaldırılması bu yükü azaldacaq, xüsusilə də birbaşa istehlaka xidmət edən mikro və kiçik biznes subyektləri üçün mühüm dəstək olacaq.”