Medianews.az
Bakı metrosunda üztanıma ilə ödəniş: Sistem üzü tanıdı, bəs pulu haradan çıxacaq? –
2,901 baxış

Bakı metrosunda üztanıma ilə ödəniş: Sistem üzü tanıdı, bəs pulu haradan çıxacaq? – MÜSAHİBƏ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC-nin kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev bu həftə bəyan edib ki, "Azərbaycan Dəmir Yolları" QSC ilə birgə üztanıma texnologiyasından istifadə edilməklə ödəniş sisteminin inteqrasiyasına başlanıb. O qeyd edib ki, Bakı Metropolitenində də üztanıma texnologiyası ilə gedişhaqqı ödəniş sisteminin tətbiq olunması üçün danışıqlar aparılır, bu mexanizmin tətbiqi imkanları müzakirə olunur. F.Fərəcullayevin sözlərinə görə, belə bir sistemin yerüstü nəqliyyatda - avtobuslarda tətbiqi hava şəraiti, işıqlandırma, kameraların keyfiyyəti və digər texniki amillər kimi bir sıra çətinliklərlə bağlıdır, ona görə də əvvəlcə sınaqlar keçirmək lazımdır, sonra isə yekun qərar qəbul etmək mümkün olacaq. 

Medianews.az saytı məsələ ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasovdan müsahibə götürüb. 

- Hazırda Azərbaycanda hansısa sahədə üztanıma ilə ödəniş varmı?

- Bəli, hazırda Azərbaycanda üztanıma ilə ödəniş sistemi məhdud sahələrdə tətbiq olunur. Məsələn, SİMA Pay sistemi “Face ID” texnologiyasını dəstəkləyir və ilk uğurlu sınaqlarını "Azərbaycan Dəmir Yolları"nın iki turniketində həyata keçirib. Bununla yanaşı, bankların və bəzi texnologiya şirkətlərinin pilot layihələri mövcuddur. Kütləvi istifadəyə hələ keçilməyib, daha çox mobil tətbiqlərdə “Face ID” ilə giriş və əməliyyatların təsdiqlənməsi forması müşahidə olunur.

- Doğrudanmı üztanıma ilə ödənişin olması zəruridir? Bu zərurəti doğuran nədir?

- Üztanıma ilə ödənişə zərurəti əsasən sürət, rahatlıq və təhlükəsizlik amilləri doğurur. Nağdsız ödənişlərin artması, kontaktların minimuma endirilməsi, kart və ya telefon daşımadan alış-veriş etmə imkanı insanların bu texnologiyaya marağını artırır. Məsələn, metro turniketlərində və ya sürətli pərakəndə satış nöqtələrində vaxtın qənaət edilməsi və daha rahat ödəniş təcrübəsi təmin edilir.

- Sistem üzü tanıdı, bəs pulu haradan çıxacaq?

- Üztanıma sistemi yalnız identifikasiya rolunu oynayır, yəni şəxsin kim olduğunu təsdiqləyir. Ödəniş isə istifadəçinin əvvəldən bağladığı elektron pulqabılardan həyata keçirilir. Yəni biometrik identifikasiya sadəcə ödənişi təsdiqləmək üçündür, pul elektron pulqabıdan çıxılır.

- Üztanıma ilə ödəniş insan hüquqları baxımından problemlər doğururmu?

- Bəli, burada əsas problem şəxsi məlumatların qorunması ilə bağlıdır. Biometrik məlumatlar – üz şəkli və digər identifikasiya parametrləri – həssas məlumat kateqoriyasına daxildir. Əgər bu məlumatlar düzgün qorunmazsa, sui-istifadə və gizlilik pozuntuları baş verə bilər. Ona görə də güclü qanunvericilik, şəffaflıq prinsipləri və fərdi məlumatların mühafizəsi mexanizmləri mütləq təmin olunmalıdır.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun